Moskvada tikilməkdə olan yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın paytaxtın şimalında, 2-ci Ambulator keçidi, 14 ünvanında yerləşən yeni tikilidə baş verib.
“Dəqiqləşdirilmiş məlumata görə, xilasedici qurğular vasitəsilə 31 nəfər xilas edilib. Təəssüf ki, 12 nəfər xəsarət alıb, 7 nəfər həlak olub”, - deyə qurumdan bildirilib.
Yanğının söndürülməsinə 200-dən çox canlı qüvvə və 65 texnika cəlb olunub. Hadisə yerində xilasetmə və yanğınsöndürmə işləri aparılıb.
Rusiya KİV-lərinin məlumatına görə, yanğın tikilməkdə olan çoxmərtəbəli binanın ikinci və üçüncü mərtəbələrində başlayıb. Hadisəyə maksimum mürəkkəblik dərəcəsi verilib.
Bizim.Media