Rusiya Prezidenti Vladimir Putin İsrail və ABŞ-ın İrana qarşı planlaşdırdığı əməliyyatlardan əvvəlcədən xəbərdar olub, lakin müttəfiqi Tehrana real dəstək göstərməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Məlumata əsasən, İsrail rəsmiləri əməliyyatdan bir neçə həftə əvvəl Rusiya tərəfinə İrana münasibətdə niyyətlərinin ciddiliyi barədə siqnallar veriblər.
Rusiya niyə kömək etmədi?
Ekspertlərin fikrincə, Rusiyanın mövcud vəziyyətdə təsir imkanları məhduddur. Baxmayaraq ki, 2025-ci ilin yanvarında Moskvada Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında strateji əməkdaşlıq sazişi imzalanıb, sənəddə qarşılıqlı müdafiə öhdəliyi nəzərdə tutulmayıb.
Ötən ilin iyununda İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra Putin bəyan etmişdi ki, Tehran Moskvadan müdafiə yardımı istəməyib.
Bundan əlavə, Rusiyanın hərbi resurslarının da məhdud olduğu bildirilir. Ukraynada müharibənin beşinci ili ölkənin silah ehtiyatlarını ciddi şəkildə azaldıb. ABŞ və İsrailin zərbələri zamanı İranın Rusiyaya məxsus S-300 hava hücumundan müdafiə sistemlərinin effektiv nəticə göstərməməsi isə Rusiya silahlarının reputasiyasına zərbə kimi qiymətləndirilir.
Mənbələrin sözlərinə görə, Putin Ukrayna ilə bağlı məqsədlərinə nail olmaq üçün ABŞ-la münasibətlərin sabit qalmasında maraqlıdır. Bu da onun Vaşinqtona, xüsusilə də ABŞ-ın keçmiş prezidenti Donald Trump ünvanına birbaşa ittihamlardan yayınmasını izah edə bilər.
Rusiya nə qazanır, nə itirir?
Yaxın Şərqdə artan gərginlik Kremlin maraqlarına müəyyən mənada uyğun gəlir. Birincisi, ABŞ-ın BMT mandatı olmadan suveren dövlətə zərbə endirməsi Moskvaya Ukraynaya qarşı hərbi əməliyyatlarını əsaslandırmaq üçün əlavə arqument verir. Kreml Vaşinqtonun İrandakı addımlarını Rusiyanın Ukraynadakı hərəkətləri ilə eyniləşdirməyə çalışır.
İkincisi, regiondakı münaqişə Qərbin diqqətini və resurslarını yayındırır. ABŞ istehsalı raketlərin prioritet istiqaməti artıq Yaxın Şərq hesab olunur ki, bu da Ukrayna üçün mənfi siqnal kimi dəyərləndirilir.
Üçüncüsü, İran ətrafında gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb olur. Sanksiyalara baxmayaraq, Rusiya əsas neft ixracatçılarından biri olaraq qalır və qiymətlərdə hər dollar artım Kremlin hərbi büdcəsinə əlavə gəlir deməkdir.
Bizim.Media