İran Çinlə CM-302 tipli səsdən sürətli gəmiəleyhinə raketlərin alınması barədə razılaşmanı yekunlaşdırmağa yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, təxminən iki il əvvəl başlayan danışıqlar İsrail ilə İran arasında iyun ayında baş vermiş gərginlikdən sonra sürətlənib. Mənbələrin sözlərinə görə, müqavilə son mərhələdədir, lakin çatdırılma tarixləri hələ dəqiqləşdirilməyib.
290 kilometrədək uçuş məsafəsinə malik CM-302 raketləri yüksək sürət və aşağı hündürlükdə uçuş hesabına hərbi gəmiləri məhv etmək üçün nəzərdə tutulub. Ekspertlərin qiymətləndirməsinə görə, bu silahların mümkün yerləşdirilməsi Tehranın zərbə imkanlarını gücləndirə və regionda ABŞ Hərbi Dəniz Qüvvələri üçün riskləri artıra bilər.
Raketlərin istehsalçısı olan Çin dövlət korporasiyası China Aerospace Science and Industry Corporation sistemi öz sinfində ən müasir komplekslərdən biri kimi təqdim edir. CM-302 raketləri gəmilərdə, təyyarələrdə və mobil quru qurğularında yerləşdirilə bilər, həmçinin yerüstü hədəfləri də vurmaq imkanına malikdir.
Mənbələr həmçinin İranın hava hücumundan müdafiə sistemləri və digər silah növlərinin alınması ilə bağlı da danışıqlar apardığını bildirirlər.
Qeyd edək ki, Tehran son illər təkcə Çinlə deyil, Rusiya ilə də hərbi əməkdaşlığı genişləndirib. İran Rusiyadan müxtəlif hərbi silah sistemləri, döyüş təyyarələri və helikopterlər alıb. Analitiklərin fikrincə, bu addımlar İranın regional hərbi balansda mövqeyini gücləndirmək və hava-dəniz imkanlarını artırmaq strategiyasının tərkib hissəsidir.
Bizim.Media