İspaniya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişini qadağan etməyi planlaşdırır. Platformalar isə yaşın yoxlanılması sistemlərini tətbiq etməyə məcbur ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib.
“Sosial şəbəkələr qanunların nəzərə alınmadığı, cinayətlərin göz yumulduğu uğursuz bir dövlətə çevrilib”, – deyə Sançes vurğulayıb.
“Biz uşaqları rəqəmsal Vəhşi Qərbdən qoruyacağıq”, – o əlavə edib.
Baş nazir bildirib ki, hökumət gələn həftə qanun layihəsini parlamentə təqdim edəcək. Sənəd qəbul olunacağı təqdirdə, sosial şəbəkə rəhbərləri qanunsuz və nifrət doğuran məzmunlara görə məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, Avstraliya ötən ilin dekabrında dünyada ilk dəfə olaraq 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələri qadağan edib. Böyük Britaniya və Fransa daxil olmaqla bir sıra digər Avropa ölkələri də oxşar tədbirləri nəzərdən keçirir. (Mənbə: Euronews)
Bizim.Media