Türkiyə Xarici İşlər Nazirliyi Fransaya öz etirazını bildirib.
Bizim.Media xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda Fransa Prezidenti Emmanuel Makronun PKK terror təşkilatının Suriya qanadı olan Suriya Demokratik Qüvvələrinin nümayəndələri ilə keçirdiyi görüşlərə narazılığı əks olunub.
Türkiyə XİN-in sözcüsü Tanju Bilgiç məsələ ilə bağlı verdiyi açıqlamada “Fransa Prezidenti Emmanuel Makronun terror təşkilatı mənsubları ilə keçirdiyi görüşləri qınayırıq. Rəsmi Parisin bütün çağırışlarımıza baxmayaraq, əliqanlı terrorçularla davam etdirdiyi münasibətlər həm Türkiyənin milli təhlükəsizliyinin, həm də Suriyanın ərazi bütövlüyünün qorunması cəhdlərinə zərər verir”,- deyə bəyan edib.
Eyni zamanda mətbuat katibi Türkiyənin terrora qarşı mübarizəsinə davam edəcəyini də bir daha xatırladıb.
Murad Əhmədov, Bizim.Media