Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Say Çum parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfərdən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün dostluq qruplarının qarşılıqlı fəaliyyətinin önəmini vurğulayıb.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.
Bizim.Media