Moderator.az - ın məlumatına görə tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov yeni dərs ilinin başlanması münasibətilə ölkənin təhsil ictimaiyyətini Amerikanın keçmiş prezidenti Linkolnun təbirincə təbrik edib:
"ABŞ 16-cı prezidenti Avraam Linkolun oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla müraciət etmişdir. Həmin məktubun qısaldılmış mətnini yeni dərs ili münasibəti ilə sizlərə ünvanlayıram:
Hörmətli müəllim!
Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil.
Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi (uduzmağı), həm də qazanmaqdan həzz almağı öyrədin ona.
Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin.
Məktəbdə xəta etməyin, hiylə etməkdən daha yaxşı bir şey olduğunu öyrədin ona.
Bütün insanları dinləməyi öyrədin ona. Amma bütün dinlədiklərini həqiqət ələyindən keçirib ancaq yaxşıları özünə götürməyi öyrədin ona.
Gücünü və beynini ən yüksək qiymət verənə satmağı, lakin heç vaxt qəlbinə və ruhuna qiymət qoymamasını öyrədin ona.
Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır."