Bu ilin iyun ayında Cəlilabad rayonunda dayısının 27 yaşlı həyat yoldaşını qətlə yetirən 15 yaşlı Abbas Mahmudova (ad və soyadlar şərtidir) hökm oxunub.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla adam öldürmə maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Abbasın ailəsi uzun illərdir Rusiyanın Yekaterinburq şəhərində yaşayır. Yeniyetmə bir müddət əvvəl babası tərəfindən yaxın qohumlarının yaşadığı Cəlilabad rayonuna gətirilib və dayısıgildə yaşamağa başlayıb.
Bu müddətdə yeniyetmədə dayısının arvadı Həmidəyə qarşı istək yaranıb. A.Mahmudov təklif etdiyi əxlaqsız təklifin rədd edilməsindən sonra qadını öldürmək qərarına gəlib. O, dayısının olmadığı vaxt evdə H.Məmmədovaya hücum edərək onu 11 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra meyiti gizlətməyə çalışıb, lakin gücü çatmadığından həyətə ataraq bibisigilə qaçıb.
Məhkəmənin hökmü ilə yeniyetmə 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, ümumi rejimli tərbiyə müəssisəsinə göndərilib.
Qeyd edək ki, qanunvericiliyə görə, cinayət törətmiş yeniyetmə 10 ildən artıq cəzaya məhkum edilmir.
Bizim.Media