Azərbaycanda “kənd yumurtası”nın qiymətində artım müşahidə olunur. Paytaxt və bölgə bazarlarında əvvəl 20–30 qəpiyə satılan “kənd yumurtası”nın qiyməti hazırda 40 qəpiyə qədər yüksəlib. Satıcılar bahalaşmanın xüsusilə son bir ayda artdığını bildirirlər.
Bəs bu qiymət artımı sənaye yumurtasının qiymətlərinə təsir edəcəkmi?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, “kənd yumurtası”nın bahalaşmasının sənaye yumurtasının qiymətlərinə təsiri gözlənilmir:
“Çünki quşçuluq fabriklərimizdə kifayət qədər çox yumurta istehsal olunur. Təsadüfi deyil ki, anbarlarımızda da bir qədər yumurta qalığımız da var. Daxili tələbatdan artıq qalan yumurtanı əsasən ixraca yönəldirik. Əslində “kənd yumurtası”nın bahalaşması gözləniləndir.
Bilirsiniz ki, soyuq aylarda toyuqların yumurta vermək imkanları azalır. Nəticədə tələbata görə də qiymətlər artır. Əgər yay aylarında gündə 380 min ədəd “kənd yumurtası” satışa çıxarılırsa, payız-qış aylarında bu rəqəm 80-100 ədədə qədər azalır.
Bunun da “kənd yumurtası”nın qiymətlərinə təsiri olur. Amma bu prosesin sənaye yumurtasına heç bir təsiri olmayacaq. Yəni yumurtanın qiymətində hər hansı bir artım gözlənilmir”.
Surxay Atakişiyev, Bizim.Media