“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qalibi Toğrul Xəlilov ilə növbəti görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, fərdi inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə həsr olunan görüşdə əsas müzakirə mövzusu menti tərəfindən hazırlanmış Fərdi İnkişaf Planının təqdimatı və əsaslandırılması olub.
Toğrul Xəlilov peşəkar və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş planını təqdim edib, qarşıya qoyduğu hədəfləri və bu hədəflərə nail olmaq üçün nəzərdə tutulan əsas addımları izah edib.
İdarə Heyətinin sədri təqdim olunan planı dinləyərək idarəetmə, liderlik və fəaliyyətin səmərəli planlaşdırılması ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüb. O, inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsinin, qarşıya qoyulan hədəflərin sistemli şəkildə icra edilməsinin və nəticələrin davamlı qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində mentinin peşəkar inkişafı və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində qarşıdakı dövr üçün əsas prioritetlər də müzakirə olunub.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis edilib. Müsabiqənin Mentorluq proqramı qaliblərin idarəçilik bacarıqlarının inkişaf etdirilməsinə, onların praktiki təcrübəsinin artırılmasına və peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.
Bizim.Media