Gəncənin Şəhidlər xiyabanında 600-ə yaxın Vətən fədaisi uyuyur. Onlardan 480-i Birinci Qarabağ müharibəsinin, digərləri isə Vətən müharibəsinin şəhidləridir.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsi zamanı Gəncəyə endirilən raket zərbələri nəticəsində həlak olan 26 nəfərdən bir qismi də burada dəfn edilib.
Gəncənin ilk mülki şəhidi Tunar Əliyevin anası Validə Əliyeva da müharibədən ötən altı il ərzində oğlunun məzarını heç vaxt tək qoymayıb.
Şəhidin anası Baku TV-yə oğlunun son günü və onunla bağlı unuda bilmədiyi xatirələrini bölüşüb:
"Səhər tezdən Tunar əsgərlərə yardım aparmaq məqsədilə öz avtomobili ilə evdən çıxdı. Təxminən 10 dəqiqə sonra güclü partlayış səsi eşidildi. Mən qışqırdım ki, ermənilər Gəncəni vurdu. Oğluma nəsə olduğunu düşündüm.
Nə qədər zəng etsəm də, Tunar telefonunu açmırdı. Saat 15 radələrində oğlumun nəşi 3 saylı xəstəxananın morqunda idi.
Tunar öz arzusuna vaxtından əvvəl çatdı. Hər gün iş yerindən zəng edib deyirdi ki, hərbi komissarlıq onu çağırmayıb. Elə bil tələsirdi. Mən də soruşurdum: "Sən niyə belə tələsirsən, ay bala?"
Deyirdi ki, "Oraya gedən oğlanlardan niyə geri qalmalıyam?"
O, sanki əvvəlcədən şəhid olacağını hiss etmişdi. Dostlarına müxtəlif əşyalarını hədiyyə etmişdi. Üzüyünü, saatını, qolbağını verərək tapşırırdı ki, onu yadlarında saxlasınlar. Deyirdi ki, şəhid olacağını bilir".
Bizim.Media