Valideynlər məktəblərdə “fond pulu”, şagirdlərin summativ qiymətləndirilməsi üçün lazım olan kağız və digər dəftərxana ləvazimatlarına görə onlardan pul yığılmasını narazılıqla qarşılayırlar. Övladını dövlət büdcəsi hesabına maliyyələşən məktəbə yola salan valideynlərə fond pulunun həm də məktəbin xırda, yardımçı təmir işləri üçün xərcləndiyi bildirilir. Tez-tez müzakirə olunan bu mövzuda ümumi təhsil müəssisələrinin və valideynlərin öhdəlikləri gündəmə gəlir, müxtəlif fikirlər səsələndirilir.
Bəs qanun nə deyir? Valideynlər dövlət ümumi təhsil müəssisələrinə vəsait ödəməlidirlərmi?
Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Məzahir Məmmədli deyib ki, icra orqanları pul məsələsi ilə bağlı məktəblərə ciddi tapşırıqlar veriblər:
“Elə vəziyyət yaranıb ki, müəllimlər, xüsusilə də məktəb rəhbərliyi pul adı çəkildikdə həyəcan keçirir. Çünki icra orqanları bayramlarda, xüsusi günlərdə pulla bağlı hər hansı məsələnin səslənməməsi üçün kifayət qədər ciddi təzyiq edirlər. Bütün hallarda onlar Azərbaycan cəmiyyətinin üzvləridir. İcra orqanlarından məktəblərə olan basqı bir növ müəllimlərə olan təzyiqin artırılması anlamına gəlir.
Fond pulu, marker pulu, kağız pulu kimi vəsaitləri məktəb rəhbərliyi qanuniləşdirə bilər. Yəni “Ümumi təhsil haqqında” qanunda belə təşəbbüs var ki, valideyn məktəblə əməkdaşlıq edə bilər, yəni məktəbin infrastrukturuna dəymiş ziyanı qarşılamaq üçün ianələr toplana bilər. Buna qanunvericilik sərhəd qoymur. Yəni valideynlər şəffaflığı qorumaqla ianə toplaya bilərlər.
Şəffaflıq üçün komissiyanın rəyi olmalıdır, xərclənən vəsait haqqında hesabatlılıq olmalıdır. Əgər hesabatlılıq olacaqsa, bu, məktəblər üçün gərginlik yaratmayacaq. Əlbəttə, ümumi təhsil məktəblərində təhsil haqqında qanunvericilik birmənalı mənada dövlət məktəblərinin dövlət vəsaiti hesabına təmin olunduğunu təsdiq edir”.
O hesab edir ki, məktəblərin özünün də şəffaflığın təminatı üçün imkanlar yoxdur və ya onlar buna maraqlı deyillər:
“Ona görə də sosial şəbəkələrdə hər kəs müəllimlərin üzərinə gedir. İnfrastrukturla dəyən ziyanı aradan qaldırmaq üçün hər bir məktəbin özünün fondunun olmasında fayda var. Azərbaycanda, xüsusilə, Bakıda 10-dan artıq məktəb pilot layihə kimi publik-hüquqi şəxsə çevrilib. O məktəblər nümunə ola biləcəklər. Həmin məktəblərin nizamnaməsi imkan verir ki, məktəbdə qanunun imkan verdiyi çərçivədə vasitələrdən istifadə etməklə, məsələn sərgilər keçirirlər, məktəbin stadionunu kirayərəyə verməklə, akt zalında hansısa tədbirin keçirlmısi üçün imkanları təklif etməklə pul qazansınlar.
Bir sözlə, məktəb üçün valideyn-məktəb əməkdaşlığını elə qurmaq lazımdır ki, həm məktəblər bundan yararla bilsinlər, həm də valideynlər arasında narazılıq olmasın. Bu, mütləq şəkildə könüllülük əsasında olmalıdır. Bəzi işbazlar araya düşüb aranı qatırlar və bunun da adı məktəbə yazılır. Bu kimi hallar neqativdir və yolverilməzdir”.
Günay Şahmar, Bizim.Media