Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd olunan 20 sentyabr tarixi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını təcəssüm etdirən, xalqımızın milli qürur və həmrəyliyini ifadə edən əlamətdar gündür.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Dövlət Suverenliyi Günü ilə bağlı AZƏRTAC-a deyib.
Şahin Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad olunan Xankəndi bu gün yeni inkişaf mərhələsini yaşayır.
“Dövlətimizin yüksək diqqət və qayğısı ilə şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur formalaşdırılır, sosial, təhsil, səhiyyə və mədəniyyət obyektləri tikilir və istifadəyə verilir. Dövlət başçısının Xankəndiyə çoxsaylı səfərləri və burada mühüm layihələrin açılışlarında iştirakı şəhərin Azərbaycanın yeni inkişaf mərhələsində daşıdığı strateji əhəmiyyətinin göstəricisidir. Bu gün Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, eyni zamanda yeni sosial, mədəni və intellektual mühit formalaşır.
Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması böyük quruculuq prosesinin mühüm tərkib hissələrindən biri olaraq dəyərləndirilir. 20 sentyabr 2024-cü ildə – Dövlət Suverenliyi Günündə və Xankəndi şəhəri günündə dövlət başçımızın iştirakı ilə Qarabağ Universitetinin açılışının keçirilməsi və fəaliyyətə başlaması xüsusi rəmzi məna daşıyır. Bir tərəfdən Azərbaycanın suverenliyinin tam bərpasını qeyd etdiyimiz həmin gündə, digər tərəfdən azad edilmiş Xankəndidə yeni universitetin fəaliyyətə başlaması şəhərin gələcəyinin elm və təhsil üzərində qurulmasına verilən mühüm əhəmiyyətin ifadəsidir”, - deyə Şahin Bayramov vurğulayıb.
Rektor qeyd edib ki, Xankəndidə təhsil alan gənclər üçün bu şəhər sadəcə ali təhsil aldıqları məkan deyil. Bura onların tələbəlik illərinin keçdiyi, dostluqlar qurduğu, ilk elmi araşdırmalarını apardığı, müxtəlif layihələrdə iştirak etdiyi və gələcəklə bağlı planlar qurduğu şəhərdir:
“Bu baxımdan hər bir tələbə Xankəndidə şəxsi uğur hekayələrini formalaşdırmaqla şəhər həyatının zənginləşməsində və canlanmasında pay sahibi olurlar. Universitetin kadr hazırlığı və elmi potensialının şəhərin və bütövlükdə Qarabağın inkişaf ehtiyacları ilə əlaqələndirilməsi mühüm istiqamətlərdəndir. Eyni zamanda, universitetin beynəlxalq əlaqələrinin genişlənməsi Xankəndinin qlobal akademik məkanda tanıdılması baxımından mühüm imkanlar açır.
Xarici universitetlərin rəhbərlərinin, alimlərin, akademik dairələrin və diplomatik nümayəndələrin Qarabağ Universitetinə səfərləri Xankəndidə formalaşan yeni elm və təhsil mühitinə beynəlxalq marağın artmasının göstəricisidir. Akademik mübadilələr, birgə tədqiqatlar, beynəlxalq tədbirlər və ikili diplom proqramları ilə bu əlaqələrin daha da genişləndirilməsi əsas vəzifələrimizdən hesab olunur.
İnanırıq ki, bu gün burada təhsil alan gənclərin böyük bir qismi öz bilik və bacarıqları ilə gələcəkdə doğma Qarabağımızın, o cümlədən Xankəndinin inkişafında fəal rol oynayacaq. Onların bəziləri isə ölkəmizin digər bölgələrində və xaricdə fəaliyyət göstərməli olsalar da, Xankəndini həyatlarının mühüm mərhələsinin – tələbəlik illərinin şəhəri kimi qürurla xatırlayacaqlar”.
Bizim.Media