Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb.
“28 May–Nizami” məhdudiyyəti: Metroda ağrılı, amma strateji zərurət
Bakı metrosunda “28 May–Nizami” istiqamətində qatarların hərəkətinin müvəqqəti dayandırılması sərnişinlər üçün ciddi narahatlıq yaratsa da, məsələyə yalnız gündəlik nəqliyyat çətinliyi prizmasından yanaşmaq düzgün olmazdı. Çünki bu məhdudiyyət Bakı metrosunun gələcək inkişafı üçün nəzərdə tutulan daha böyük struktur layihəsinin tərkib hissəsidir.
Əsas məqsəd “Qırmızı” və “Yaşıl” xətlərin bir-birindən ayrılaraq müstəqil işləməsinin təmin edilməsidir. Bunun üçün “Cəfər Cabbarlı” ilə “Nizami” arasında təxminən 200 metrlik yeni tunelin yaradılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi “28 May”dakı mövcud xətt sxeminin dəyişdirilməsinə və müəyyən müddət ərzində qatar hərəkətinə məhdudiyyət qoyulmasına səbəb olur.
Burada mühüm məqam ondan ibarətdir ki, bu gün sərnişinin yaşadığı narahatlıq gələcəkdə metro sisteminin daha çevik və dayanıqlı işləməsi üçün edilən investisiyadır.
Nəzərə alaq ki, “28 May” stansiyası 6 noyabr 1967-ci ildə Bakı metrosunun ilk beş stansiyasından biri kimi istismara verilib. Həmin vaxt stansiyanın adı “28 Aprel” idi. 1992-ci ildə indiki “28 May” adını alıb.
“Nizami” stansiyası isə 31 dekabr 1976-cı ildə istifadəyə verilib və Yaşıl xəttin tərkibində fəaliyyətə başlayıb.
Beləliklə, “28 May”ın istismara verilməsindən 59 il, “Nizami”nin istismara verilməsindən isə təxminən 50 il keçir. 50-60 illik istismarın özü də yenidənqurmanı zəruri edir.
Niyə xətlərin ayrılması vacibdir?
Hazırkı sxemdə “Qırmızı” və “Yaşıl” xətlərin “28 May” ərazisində bir-biri ilə sıx bağlı olması qatarların hərəkətinin təşkilinə əlavə məhdudiyyətlər yaradır. Xətlərin müstəqilləşdirilməsi isə gələcəkdə qatarların hərəkət intervalının optimallaşdırılması, sərnişin axınının daha düzgün bölüşdürülməsi və şəbəkənin genişləndirilməsi üçün imkan yaradacaq.
Bu xüsusilə sərnişin tələbatının artdığı bir vaxtda əhəmiyyətlidir. Bakı böyüdükcə metroya düşən yük də artır. Deməli, mövcud xətt sxemini olduğu kimi saxlamaq əvəzinə, sistemi gələcək sərnişin sayına uyğunlaşdırmaq lazımdır.
Bu baxımdan “28 May–Nizami” layihəsini yalnız 200 metrlik tunelin tikintisi kimi qiymətləndirmək yanlış olar. Əslində söhbət metro şəbəkəsinin idarəetmə fəlsəfəsinin dəyişdirilməsindən gedir.
“Dərnəgül” deposunun rolu
Layihənin digər mühüm elementi “Dərnəgül” elektrik deposunun yaradılmasıdır. Yeni depo “Yaşıl” xəttin ayrıca işləməsi üçün texniki baza formalaşdıracaq. Beləliklə, xəttlərin ayrılması təkcə tunel tikintisi ilə məhdudlaşmır. Həm də depo, qatar parkı, enerji və digər infrastruktur da vahid layihənin hissələrinə çevrilir.
Bu, Bakı metrosunun genişlənməsi baxımından prinsipial əhəmiyyət daşıyır. Çünki yeni stansiyalar tikildikcə onların xidmət göstərəcəyi qatarların saxlanılması, texniki xidməti və dövriyyəsi üçün müvafiq depoların olması zəruridir.
Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi 2028-ci ilə başa çatdırılacaq.
Bəs sərnişin nə qazanacaq?
İlk mərhələdə sərnişin üçün qazanc deyil, əksinə, müəyyən çətinlik görünür. “28 May” və “Nizami” arasında hərəkətin dayanması insanların alternativ avtobuslardan istifadə etməsini, əlavə vaxt, pul itkisini və bəzi istiqamətlərdə nəqliyyat yükünün artmasını qaçılmaz edir.
Lakin AYNA-nın tədbirlər planında məhz bu yükü azaltmaq üçün yeni ekspres avtobus marşrutları yaradılıb.
Artıq 6 yeni ekspres marşrut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.
M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;
M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;
M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;
M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;
M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;
M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.
Bundan başqa 20 müntəzəm avtobus marşrutunda avtobus sayının artırılması nəzərdə tutulub.
Bu yanaşma metroda tikinti aparıldığı müddətdə alternativ ictimai nəqliyyatın gücləndirilməsi layihənin ayrılmaz hissəsi olaraq əhaliyə xidmət edəcək.
On aylıq narahatlıq, onilliklər üçün nəticə
Metro tikintisinin əsas paradoksu bundan ibarətdir ki, infrastrukturu yaxşılaşdırmaq üçün müəyyən müddət ərzində həmin infrastruktura çıxışı məhdudlaşdırmaq lazım gəlir.
Bu vəziyyət avtomobil yollarının təmiri, körpü və tunel tikintisi zamanı da müşahidə olunur. Lakin metroda məsələ daha həssasdır, çünki bir stansiyanın fəaliyyətindəki dəyişiklik minlərlə sərnişinin gündəlik marşrutuna təsir edir.
Ona görə də burada əsas tələb layihənin vaxtında və keyfiyyətlə tamamlanmasıdır. Sərnişin bu gün çəkdiyi çətinliyin sabah real nəticəsini görməlidir.
Əgər “28 May–Nizami” layihəsi nəticəsində xətlər daha müstəqil, qatar hərəkəti daha çevik və gələcək yeni stansiyaların şəbəkəyə qoşulması daha asan olacaqsa, müvəqqəti məhdudiyyət strateji baxımdan əsaslandırılmış qərardır.
Metro tikintisində yeni yanaşma
Son illərdə Bakı metrosunun inkişafında diqqət çəkən məqam odur ki, artıq yalnız yeni stansiyaların tikintisindən danışılmır. Mövcud sistemin yenidən qurulması, xətlərin ayrılması, depoların yaradılması və nəqliyyat növlərinin inteqrasiyası da gündəmə gəlir.
Bu, Bakı üçün zəruri mərhələdir. Çünki şəhərin nəqliyyat problemi bir neçə yeni stansiya ilə tam həll olunmayacaq. Metro şəbəkəsi böyüməli, eyni zamanda onun daxilində qatarların hərəkəti və sərnişin axınının idarə olunması daha səmərəli qurulmalıdır.
Bu baxımdan “28 May–Nizami” məhdudiyyətinə “metro bağlanır” kimi yox, “metro yenidən qurulur” kimi yanaşmaq daha doğru olar.
Əlbəttə, bu yanaşma sərnişinin narazılığını aradan qaldırmır. Əksinə, belə böyük layihələrdə ictimaiyyətə əvvəlcədən daha geniş və aydın məlumat verilməsi, alternativ marşrutların real tələbatı qarşılaması və işlərin elan edilən müddətdə başa çatdırılması xüsusilə vacibdir.
Nəticədə Bakı metrosunun qarşısında duran əsas məsələ yalnız daha çox stansiya tikmək deyil. Məqsəd artan sərnişin tələbatını daşıya biləcək, xətləri müstəqil işləyən, çevik və genişlənməyə hazır metro sistemi yaratmaqdır. “28 May–Nizami” layihəsi də məhz bu böyük transformasiyanın mühüm mərhələlərindən biridir.
Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır. Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.
Son dövrdə ən mühüm dəyişikliklərdən biri metro şəbəkəsinin yalnız mövcud xətlər üzrə genişləndirilməsi deyil, yeni yaşayış və biznes zonalarının sistemə qoşulmasının prioritetə çevrilməsidir. 2025–2030-cu illər üçün Dövlət Proqramına əsasən Bakı metrosunda 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Onlardan 4-ü Yaşıl xətt, 6-sı isə Bənövşəyi xətt üzrə planlaşdırılır.
Bənövşəyi xətt – əsas genişlənmə istiqamətlərindən biri
Bənövşəyi xətt Bakının perspektiv metro şəbəkəsində xüsusi əhəmiyyət daşıyır. Bu xəttin mərhələli şəkildə genişləndirilməsi şəhərin mərkəzi hissələrini yeni yaşayış və iş zonaları ilə əlaqələndirmək baxımından mühüm imkan yaradır.
2025-ci ildə Bənövşəyi xətt üzrə yeni stansiyalar və tunellərin layihələndirilməsi ilə bağlı işlərə başlanılıb. Eyni zamanda Yaşıl xətt üzrə Y14–Y17, Bənövşəyi xətt üzrə isə B5–B8 stansiyalarının layihələndirilməsi üçün beynəlxalq təcrübəyə malik mühəndislik şirkəti ilə müqavilə bağlanıb.
Bu da metro tikintisində layihələndirmədən birbaşa icra mərhələsinə keçid baxımından əhəmiyyətlidir.
Ona görə də “28 May–Nizami” məhdudiyyətinə çətinliklər prizmasında yox, gələcək rahatlığımıza edilən investisiya seqmenti kimi baxmaq çox doğru olardı.
Surxay Atakişiyev, Bizim.Media