Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsr yarım ərzində mürəkkəb, lakin şərəfli inkişaf yolu keçərək bu gün müasir informasiya cəmiyyətinin mühüm institutlarından birinə çevrilib.
"Əkinçi" cəmi iki il – 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrına qədər fəaliyyət göstərsə də, Azərbaycan jurnalistikasının ideoloji və peşəkar təməlini formalaşdırdı. Dövrün ağır senzura şəraitində fəaliyyət göstərən qəzet xalqın maariflənməsini, milli özünüdərkin gücləndirilməsini və cəmiyyətin ictimai-siyasi proseslərə daha fəal qoşulmasını əsas məqsəd seçmişdi.
Həsən bəy Zərdabinin əsasını qoyduğu bu məktəb sonrakı onilliklərdə Azərbaycan mətbuatının inkişaf istiqamətlərini müəyyənləşdirdi. Çar senzurasının təzyiqlərinə baxmayaraq, "Əkinçi" milli mətbuat tarixində silinməz iz qoydu və ondan sonra yaranan çoxsaylı qəzet və jurnallar üçün örnəyə çevrildi.
Milli mətbuatın keçdiyi inkişaf yolu
Ötən 151 il ərzində Azərbaycan mətbuatı müxtəlif siyasi sistemlər, ictimai dəyişikliklərdən və tarixi sınaqlardan keçib. Müstəqillik dövründə isə milli mətbuat tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu prosesdə dönüş nöqtələrindən biri 1998-ci ildə senzuranın ləğvi oldu. Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərman ölkədə söz və mətbuat azadlığının inkişafına mühüm təkan verdi. Bununla media üzərində dövlət senzurası aradan qaldırıldı və müasir informasiya mühitinin formalaşması üçün hüquqi zəmin yaradıldı.
Sonrakı illərdə internet jurnalistikasının inkişafı, rəqəmsal platformaların yaranması və yeni informasiya texnologiyalarının tətbiqi Azərbaycan mediasının fəaliyyət coğrafiyasını daha da genişləndirdi. Lakin qlobal informasiya müharibələrinin genişlənməsi, sosial şəbəkələrin sürətli inkişafı və dezinformasiyanın artması medianın qarşısında yeni çağırışlar da formalaşdırdı.
Artıq media yalnız xəbər istehsalçısı deyil, həm də milli informasiya təhlükəsizliyinin vacib elementinə çevrilib. Məhz buna görə də informasiya məkanının sağlamlaşdırılması və peşəkar jurnalistikanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
Medianın inkişafına dövlət qayğısı
Azərbaycan dövlətinin milli mətbuata göstərdiyi sistemli dəstək son illərdə daha ardıcıl xarakter alıb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu media siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkar media nümayəndələrinin dövlət mükafatları ilə təltif olunması bu siyasətin mühüm istiqamətlərini təşkil edir.
Jurnalistlərin mənzil şəraitinin yaxşılaşıdırılması, sosial təminat mexanizmlərinin genişləndirilməsi, media subyektlərinə müxtəlif istiqamətlərdə dəstəyin göstərilməsi peşəkar jurnalistikanın inkişafına stimul verən mühüm addımlardan sadəcə bir neçəsidir.
2020-ci ildə Azərbaycan milli mətbuatının 145 illiyi, 2025-ci ildə isə 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamların imzalanması, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalının təsis edilməsi dövlətin milli mətbuata verdiyi yüksək dəyərin göstəricisidir.
MEDİA – islahatların yeni mərhələsi
Müasir informasiya çağırışları fonunda media sahəsində aparılan islahatlar 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı.
Agentliyin əsas məqsədi yalnız media subyektlərinə dəstək göstərmək deyil, eyni zamanda peşəkar jurnalistikanın inkişafını təmin etmək, institusional islahatları həyata keçirmək və informasiya mühitini sağlamlaşdırmaq idi.
Geridə qalan müddət ərzində MEDİA tərəfindən həyata keçirilən layihələr media sektorunda keyfiyyət dəyişikliyi yaradıb. Müxtəlif müsabiqələr, təlim proqramları, beynəlxalq əməkdaşlıq layihələri, media turları və peşəkar inkişaf proqramları jurnalistlərin bilik və bacarıqlarının artırılmasına ciddi töhfə verib.
Eyni zamanda media subyektlərinə tətbiq edilən vergi güzəştləri, jurnalistlərin sosial ipoteka proqramına daxil edilməsi və iqtisadi dəstək mexanizmlərinin genişləndirilməsi sahənin dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirib.
Media Reyestri - peşəkarlığın yeni meyarı
Media islahatlarının mühüm elementlərindən biri də Media Reyestrinin yaradılması oldu.
Reyestr media subyektləri və jurnalistlər haqqında vahid informasiya bazasının formalaşdırılmasına imkan verməklə yanaşı, peşəkar fəaliyyət meyarlarının müəyyənləşdirilməsində də mühüm rol oynadı.
Bu sistem media mühitində şəffaflığın artırılmasına, statistik məlumatların sistemləşdirilməsinə və peşəkar jurnalistikanın təşviqinə xidmət edir. Reyestrə daxil olmaq üçün müəyyən edilmiş meyarlar media sahəsində məsuliyyət və peşəkarlıq standartlarının yüksəlməsinə müsbət təsir göstərib.
Son qanunvericilik dəyişiklikləri çərçivəsində jurnalistlərin Reyestrə daxil edilməsi və vəsiqə ilə təmin olunmasının ödənişsiz həyata keçirilməsi isə bu sistemin daha əlçatan və funksional olmasına xidmət edir.
Beynəlxalq brendə çevrilən Şuşa Qlobal Media Forumu
Son illərin ən mühüm media təşəbbüslərindən biri də Şuşa Qlobal Media Forumudur.
İlk dəfə 2023-cü ildə keçirilən Forum qısa müddətdə beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Hər il dünyanın onlarla ölkəsindən media rəhbərləri, informasiya agentlikləri, beynəlxalq təşkilatlar və ekspertlər Şuşaya toplaşaraq qlobal informasiya gündəliyinin ən aktual mövzularını müzakirə edirlər.
Forumun ən mühüm xüsusiyyətlərindən biri seçilən mövzuların qlobal media trendlərini qabaqlamasıdır. Rəqəmsal transformasiya, süni intellekt, dezinformasiyaya qarşı mübarizə, media etikası və informasiya təhlükəsizliyi kimi məsələlər son illərdə dünya mediasının əsas gündəminə çevrilməzdən əvvəl məhz Şuşada geniş müzakirə olunur.
Bu il keçirilən IV Şuşa Qlobal Media Forumu da bunu bir daha təsdiqlədi. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan tədbir artıq təkcə beynəlxalq konfrans deyil, qlobal media dialoqunun nüfuzlu platforması kimi qəbul edilir.
Prezident İlham Əliyevin forumlarda ənənəvi olaraq beynəlxalq media nümayəndələri ilə açıq dialoq aparması, çoxsaylı sualları cavablandırması və regional, eləcə də qlobal məsələlərlə bağlı mühüm mesajlar verməsi forumun beynəlxalq əhəmiyyətini daha da artırır.
Media və Yayım Şurası: yeni institusional mərhələ
Hazırda media sahəsində aparılan islahatlar yeni mərhələyə qədəm qoyur.
"Media haqqında" qanuna təklif edilən dəyişikliklər çərçivəsində Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni qurum media və audiovizual yayım sahəsində tənzimləmə mexanizmlərinin vahid platformada birləşdirilməsini hədəfləyir.
Müasir dövrdə televiziya, radio, rəqəmsal platformalar və onlayn medianın fəaliyyət sərhədləri getdikcə bir-birinə yaxınlaşır. Bu baxımdan vahid və kollegial idarəetmə modeli həm qərarların daha çevik qəbul edilməsinə, həm də media siyasətinin daha sistemli həyata keçirilməsinə imkan yaradacaq.
Beynəlxalq təcrübə də bu yanaşmanın effektivliyini göstərir. Azərbaycanın seçdiyi yeni model isə qlobal informasiya çağırışlarına uyğun institusional transformasiyanın məntiqi davamı kimi qiymətləndirilə bilər.
Tarixi ənənədən gələcəyə uzanan yol
Azərbaycan milli mətbuatının 151 illik tarixi yalnız keçmişin salnaməsi deyil, həm də gələcəyə istiqamət verən zəngin təcrübədir.
"Əkinçi" ilə başlanan maarifçilik missiyası bu gün rəqəmsal jurnalistika, süni intellekt, informasiya təhlükəsizliyi və beynəlxalq media əməkdaşlığı kimi yeni istiqamətlərlə davam edir. Dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlar, peşəkar medianın dəstəklənməsi fonunda bu gün Azərbaycan mediası inkişafının yeni mərhələsini yaşayır.
151 il əvvəl Həsən bəy Zərdabinin böyük ideallarla başladığı yol bu gün daha güclü institusional baza, müasir texnologiyalar və beynəlxalq əməkdaşlıq imkanları ilə davam edir. Bu isə milli mətbuatın gələcək inkişafı, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılması üçün möhkəm strateji əsas formalaşdırır.
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru