Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan qadınların sayı artmaqdadır. Ailədə həm ata, həm də ana işlədiyi üçün uşağa mütləq baxıcı, dayə lazım olur. Nəinki uşağa, həmçinin, evdə yaşlı ata və ana varsa, onların da qayğısına qalmaq üçün baxıcıya ehtiyac yaranır.
Ölkəmizdə bu iş əsasən, tanış şəxslərin tövsiyələri, qeyri-rəsmi agentlər və internet elanları üzərindən gerçəkləşir. Sosial şəbəkədə bununla bağlı dolğun şəkildə elanlar mövcuddur. Ödəniş isə adətən, günlük, aylıq, bəzən saatlıq da ola bilir. Hətta elanların çoxunda dayənin xarici ölkə vətəndaşı olması qeydi də var. Bunun hansı zərurətdən doğduğu isə başqa yazının mövzusudur.
Dayə və yaşlı baxıcılarının ən çox yaşadığı problem isə onların qeyri-rəsmi işləməsidir.
Ümumilikdə isə bu durum həm xidmət alan, həm də xidmət göstərən üçün müəyyən risklər yaradır. Belə ki, ailələr uşağını və yaşlı valideynini etibar etdiyi şəxs haqqında kifayət qədər məlumat əldə edə bilmir.
Yəni onun keçmiş iş təcrübəsi, məhkumluğunun olub olmaması, xüsusilə yaşlı və ya xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləmək üçün lazımi biliklərinin olması haqda geniş biliyə sahib ola bilmirlər. Bundan başqa onlar arasında müqavilə bağlanmadığı üçün mübahisə yarandıqda həlli də çətinləşir. Həmçinin, müqavilə olmadıqda dayə hər an ani qərarla işdən çıxa bilər. Bu da xidmət alan şəxs üçün əlavə çətinlik yarada bilər.
Baxıcı və dayələr isə müqavilənin olmaması səbəbindən bir çox neqativ halla rastlaşa bilərlər.
Yəni onların əmək haqları ya gecikdirilə, ya da heç verilməyə bilər, əlavə iş görməyə məcbur olunar, psixoloji və ya fiziki təzyiq ala bilərlər. Qeyri-rəsmi şəkildə işlədikləri üçün məzuniyyət haqları, xəstəliyə görə ödəniş və ən əsası da pensiya fonduna yığımlar edə bilmirlər.
Mövzuya münasibət bildirən hüquqşünas Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, eyni problemlər ailələrdə baxıcı və dayə kimi işləyənlərə deyil, ümumiyyətlə, ailələrə evdə hər hansı bir xidmət göstərən digər şəxslərə də şamil olunur:
“Təəssüflər olsun ki, bu sahədə xidmətlər olsa da, bu xidmətlərin göstərilməsi ilə bağlı çatışmazlıqlar kifayət qədər çoxdur. Beynəlxalq təcrübəyə nəzər salsaq, dayə və ya baxıcı xidmətindən istifadə etmək istəyən ailələr adətən bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış şirkətlərə müraciət edirlər.
Həmin şirkətlər öz əməkdaş bazalarından ailənin tələblərinə uyğun namizədləri təqdim edir, onların təcrübəsi, bacarıqları və digər göstəriciləri barədə məlumat verir. Ailə isə bu namizədlər arasından özünə uyğun olan şəxsi seçir.
Daha sonra ailə ilə şirkət arasında rəsmi müqavilə bağlanılır. Həmin müqavilədə həm xidmət alan ailənin, həm şirkətin, həm də xidmət göstərən şəxsin hüquq və vəzifələri, eləcə də tərəflərin məsuliyyəti dəqiq şəkildə müəyyən edilir. Azərbaycanda isə bu xidmətlər əksər hallarda fərdi şəxslər tərəfindən göstərilir. Onlar ailələrlə şifahi razılıq əsasında əməkdaşlıq edir və çox vaxt tərəflər arasında heç bir rəsmi müqavilə bağlanılmır. Məhz bu səbəbdən həm xidmət alan ailənin, həm də xidmət göstərən şəxsin hüquqlarının pozulması riski kifayət qədər yüksək olur”.
O bildirib ki, rəsmi müqavilə olmadıqda hər iki tərəfin hüquqları pozulur:
“Məsələn, xidmət göstərən şəxs keyfiyyətsiz xidmət göstərir və ya bunun nəticəsində xidmət alan şəxsin həyatına və sağlamlığına zərər dəyir. Yaxud evdə oğurluq və ya başqa bir hüquqpozma, hətta cinayət hadisəsi baş verir. Belə hallarda ailənin dəymiş zərərin ödənilməsini tələb etmək imkanlarından məhrum olur.
Həmçinin, işçi də öz hüquqlarını qoruya bilmir. Digər tərəfdən, xidmət göstərən şəxsin də hüquqları lazımi səviyyədə qorunmur. Məsələn, göstərdiyi xidmətə görə razılaşdırılmış məbləğ tam ödənilmir və ya sonradan müqavilədə nəzərdə tutulmayan əlavə işlər tələb olunur. Həmin tələblər yerinə yetirilmədikdə isə xidmət haqqının ödənilməsindən imtina edilir. Təəssüf ki, bu kimi hallara praktikada kifayət qədər rast gəlinir”.
Vəkil hesab edir ki, rəsmi müqavilənin bağlanmasında hər iki tərəf maraqlı olmalıdır:
“Bu sahədə fəaliyyət göstərən şirkətlərin olmaması tərəflər arasında müqavilələrin bağlanmasına mane olmur. Xidmət göstərən şəxslər qanunvericiliyə uyğun olaraq vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək fəaliyyət göstərə bilər. Bu halda o, ailə ilə rəsmi müqavilə bağlamaq, ödənişləri rəsmi qaydada qəbul etmək, əldə etdiyi gəlirlər üzrə vergiləri və qanunvericilikdə nəzərdə tutulan sosial ödənişləri həyata keçirmək imkanına malik olur.
Nəticədə həm xidmət göstərən şəxsin, həm də xidmət alan ailənin hüquqları daha etibarlı şəkildə qorunur, gələcəkdə yarana biləcək mübahisələrin həlli asanlaşır və tərəflərin hüquqlarının pozulması riskləri minimuma enir”.
Günay Şahmar, Bizim.Media