Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin zərərlilik göstəricisi əhəmiyyətli dərəcədə artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə ölkədəki 16 sığorta şirkəti tərəfindən 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,85 % artıb.
Eyni zamanda, sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi daha sürətli artaraq 409,636 milyon manata çatıb ki, bu da illik müqayisədə 30,1 % çoxdur.
Nəticədə bazarın zərərlilik göstəricisi yüksəlib.
Belə ki, bu ilin ilk 5 ayında toplanmış hər 100 manat sığorta haqqına qarşılıq 55,9 manat sığorta ödənişi həyata keçirilib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 43,8 manat olub.
Beləliklə, sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artımını əhəmiyyətli dərəcədə üstələyib ki, bu da sektorun ümumi zərərlilik səviyyəsinin yüksəlməsinə səbəb olub.
Bu vəziyyətin yaranmasına səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, artımın əsas səbəblərindən biri avtomobillərin ehtiyat hissələrinin bahalaşmasıyla əlaqəlidir:
“Bilirsiniz ki, son bir neçə ildə ölkəmizə böyük sayda yeni nəsil avtomobillər gətirildi. Həmin avtomobillərin də ehtiyat hissələri bahadır və “ölüxana”ları yoxdur. Bu da sığorta ödənişlərinin həcminin artmasına səbəb olur. Eyni zamanda, daşınmaz əmlak sahəsində təmir xərclərinin artması da sığorta ödənişlərinin həcminin böyüməsinə səbəb olur. Son zamanlar insanlar icbari tibbi sığortanın imkanlarından daha çox faydalanır. Bu da sığorta xərclərini artırır”.
Nə etməli?
Müsahibimiz vəziyyətdən çıxış yolları haqqında da danışıb:
“İlk növbədə sığorta ödənişlərinin artımına nail olmaq lazımdır. Bu hesaba ödənişlə yığım arasındakı fərqi balanslaşdırmaq olar. Eyni zamanda, vətəndaşların könüllü sığorta növlərinə marağını artırmaq lazımdır. Maarifləndirmə işi gücləndirməlidir. Bu addımlar reallaşarsa, zərərlilik aradan qalxar”.
Surxay Atakişiyev, Bizim.Media