Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçirilir.
Bizim.Media xəbər verir ki, Tədbirdə TDT-nin Baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.
Türk xalqlarının ortaq milli-mənəvi, mədəni dəyərlərinin qorunması, müvafiq dövlət orqanları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılır. Toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə, qanunvericilik və idarəetmə sahələrində kadr hazırlığı üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilir.
Bununla yanaşı, türk xalqlarının ortaq dini-mədəni irsini əks etdirən abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun, İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə, eləcə də, məlumat mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Toplantının əsas gündəm mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin institusional əsasda inkişafına və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qonaqları salamlayaraq qeyd ediB ki, bu ilk çoxtərəfli platforma gələcək əməkdaşlığımız üçün möhkəm təməl olacaq.
O bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə sürətlə yüksələn, regional sabitliyin və qlobal təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayan nüfuzlu geosiyasi qüvvəyə çevrilib.
Ölkələrimiz arasındakı münasibətlər qardaşlıq, qarşılıqlı etimad və strateji maraqlar üzərində qurulub. Komitə sədri vurğulayıb ki, bu birliyin güclənməsinin əsasında dövlət başçılarımızın qəti siyasi iradəsi dayanır.
Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikrini xatırladan Ramin Məmmədov qeyd edib ki, bu sözlər hər birimiz üçün rəhbər prinsipdir. Bu strateji baxış ortaq mənəvi və humanitar dəyərlər üzərində birliyimizi möhkəmləndirməyi və gələcəyə birlikdə addımlamağı nəzərdə tutur.
"Müasir dünyanın mədəni mənzərəsi sürətlə dəyişir. Bəşəriyyət qlobal miqyasda islamofobiya, sistemli antiislam kampaniyaları və müxtəlif ideoloji təhdidlərlə üz-üzədir. Bu gün İslam dinini terrorla eyniləşdirməyə çalışan, müqəddəs dəyərlərimizi hədəfə alan təxribatlara qarşı ən qətiyyətli mübarizə aparan ölkələrdən biri də Azərbaycandır.
Xalqlarımızın əsrlər boyu formalaşdırdığı tolerantlıq ənənələri, dinlər və mədəniyyətlərarası birgəyaşayış təcrübəsi zəngin mənəvi irsimizdir. Türk-İslam sivilizasiyası bəşəriyyətə hər zaman sülh, ədalət və humanizm dəyərləri bəxş etmişdir".
Türk Dövlətləri Təşkilatı çərçivəsində Dini Qurumlar Rəhbərləri Şurası rəhbərlərinin ilk görüşü davam edir.




Şəfiqə Şəfa, Bizim Media