"Dünyanın bir çox ölkələrində ilahiyyat fakültələri fəaliyyət göstərsə də, hər bir ölkənin öz milli-mənəvi dəyərlərini və dini mühitini qoruyacaq mütəxəssislərə ehtiyacı var".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.
O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərdiyi beş il ərzində bu istiqamətdə peşəkar kadrların hazırlanmasına töhfə verib. Rektor Bakı İlahiyyat Kollecinin fəaliyyətinin də bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Aqil Şirinovun sözlərinə görə, institutun beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Təhsil müəssisəsinin Türkiyə, Pakistan, ABŞ, Rusiya, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı mövcuddur.
Rektor bildirib ki, tələbələrin xarici universitetlərdə təcrübə və mübadilə proqramlarında iştirakı təmin edilir:
“Bu il altı tələbə xaricdə təhsil və təcrübə proqramlarına cəlb olunub”.
Aqil Şirinov əlavə edib ki, institut beynəlxalq elmi əməkdaşlıq istiqamətində də fəaliyyətini genişləndirir, müxtəlif ölkələrin universitetləri ilə birgə simpozium və konfranslar təşkil edir.
O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun "Din araşdırmaları" jurnalı beynəlxalq elmi bazalarda indeksləşmə prosesinə başlayıb və gələcəkdə daha nüfuzlu beynəlxalq elmi bazalarda yer almaq hədəflənir.
Rektorun sözlərinə görə, tələbələrin sosial təminatına da xüsusi diqqət yetirilir. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 70-dən çox tələbəyə təqaüd verilir.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media