"Peşəkar jurnalistikadan danışarkən, klassik jurnalistika təhsilinin möhkəmləndirilməsini vacib hesab edirik. Eyni zamanda, müasir çağırışları nəzərə alaraq yeni yanaşmalar ortaya qoymalıyıq".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Spiker bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsində dinləmələrin keçirilməsi də faydalı ola bilər.
"Burada kifayət qədər jurnalistlərimiz, həmçinin fəaliyyətimizi müşahidə edən media nümayəndələri var. Hər il Bakı Dövlət Universiteti və digər universitetlərin müxtəlif fakültələrinin tələbələri Milli Məclisə təcrübə keçmək üçün gəlirlər. Çox yaxşı olardı ki, jurnalistika fakültəsinin tələbələri də bu prosesə qoşulsunlar"- deyə o vurğulayıb.
Günay Şahmar, Bizim.Media