Qoxu və dad bilmə hissinin itirilməsi çox vaxt müvəqqəti və əhəmiyyətsiz bir problem kimi qəbul edilir. Lakin "Clinical Otolaryngology" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu pozuntuların fəsadları hesab edildiyindən qat-qat ciddidir. Alimlərin rəyinə görə, qoxu və dad hissinin itirilməsi insanda ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərlə eyni səviyyədə psixoloji sarsıntılara yol açır.
Bizim.Media xəbər verir ki, Şərqi İngiltərə Universitetinin Noric Tibb Məktəbinin rəhbəri Karl Filpottun rəhbərlik etdiyi tədqiqat qrupu diabet, astma, insult və ürək çatışmazlığı kimi ciddi xəstəlikləri olan pasiyentlərin həyat keyfiyyətini qoxu hissini itirən şəxslərlə müqayisə edib.
Qoxu və dad hissinin yox olması insanlarda emosional boşluq, depressiya, sosial izolyasiya və yeməkdən həzz ala bilməmək kimi ciddi fəsadlar yaradır. Bu reaksiyalar ənənəvi olaraq insanı əlil edən xəstəliklərin fəsadları ilə eyni dərəcədə ağır qiymətləndirilir.
Qoxu hissinin olmaması insanların yanğın zamanı tüstünü, qaz sızmasını və ya xarab olmuş qidaları vaxtında hiss edə bilməməsinə səbəb olur ki, bu da şəxsdə daimi həyəcan və müdafiəsizlik hissi formalaşdırır.
Dad hissinin böyük hissəsi bilavasitə qoxu ilə bağlıdır. Qoxu itdikdə adəti təamlar dadsız, metal dadı verən və ya ikrah doğuran formaya düşür. Nəticədə bəzi insanlar iştahsızlıqdan arıqlayır, digərləri isə hissləri kompensasiya etmək üçün daha şirin və ya acı qidalara üz tutaraq həddindən artıq çəki qazanırlar.
Alimlər bildirirlər ki, bir çox həkimlər bu simptomu hələ də keçici narahatlıq kimi görürlər, halbuki bəzi pasiyentlərdə bu vəziyyət illərlə davam edir. COVID-19 pandemiyası anosmiya (qoxu itkisi) və parosmiya (qoxuların təhrif olunması) problemlərini gündəmə gətirsə də, bu çətinlik pandemiyadan əvvəl də mövcud olub.
Mütəxəssislər tibb dünyasını qoxu və dad pozuntularına daha ciddi yanaşmağa, ixtisaslaşmış klinikaların sayını artırmağa və müalicə metodlarının hazırlanmasına daha çox investisiya yatırmağa çağırırlar.
Bizim.Media