Ələt Azad İqtisadi Zonasında istehsal olunan bəzi mallara gömrük güzəşti tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə görə, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən Azad Zona hüquqi şəxs tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi müəyyən şərtlərlə gömrük rüsumundan azad ediləcək.
Layihədə qeyd olunur ki, güzəşt xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq qurum tərəfindən təsdiq edilmiş mallara şamil olunacaq. Bunun üçün həmin malların həcminin azı 50 faizinin ölkə hüdudlarından kənara ixrac edilməsi tələb olunacaq.
Malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsi təsis olunduğu tarixdən etibarən 15 il müddətində nəzərdə tutulan gömrük güzəştindən yararlana biləcək.
Qanun qəbul olunduğu halda 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Günay Şahmar, Bizim.Media