Azərbaycan universitetlərinin diplomlarının xarici ölkələrdə tanınması son illərdə ali təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusilə xaricdə təhsilini davam etdirmək, beynəlxalq şirkətlərdə çalışmaq və ya peşə fəaliyyətini başqa ölkələrdə qurmaq istəyən gənclər üçün diplomların tanınması mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, diplomun beynəlxalq səviyyədə qəbul olunması təkcə universitetin nüfuzu ilə deyil, həm də təhsil proqramlarının keyfiyyəti, beynəlxalq akkreditasiyalar, ikili diplom layihələri və universitetlərin xarici tərəfdaşlıqları ilə sıx bağlıdır.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “demokrat.az”a açıqlamasında bildirib ki, Azərbaycan universitetləri ölkənin ali təhsil sisteminin əsas sütunlarından biridir və bir çox ali məktəbin diplomları müxtəlif ölkələrdə tanınma imkanına malikdir.
Onun sözlərinə görə, son illərdə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsi və xarici universitetlərlə əməkdaşlığının artması bu istiqamətdə mühüm nəticələr verib.
"Azərbaycan universitetləri ölkənin ali təhsil sisteminin əsas hissəsini təşkil edir və onların bir çoxunun diplomları beynəlxalq səviyyədə tanınma imkanına malikdir.
Bu sahədə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Ali Neft Məktəbi, ADA Universiteti və Bakı Memarlıq Universiteti kimi ali məktəblər xüsusi yer tutur".
Ekspert qeyd edib ki, diplomların tanınması məsələsi ölkədən ölkəyə fərqlənə bilər. Bəzi dövlətlərdə diplomların tanınması üçün əlavə nostrifikasiya prosedurları tələb olunsa da, Azərbaycan universitetlərinin məzunları bir çox ölkələrdə magistratura, doktorantura və əmək fəaliyyəti istiqamətində uğurla fəaliyyət göstərirlər.
Elçin Əfəndinin sözlərinə görə, universitetlərin beynəlxalq reytinqlərdə yer alması, xarici ali məktəblərlə ortaq proqramlar həyata keçirməsi və beynəlxalq akkreditasiya proseslərində iştirak etməsi onların məzunlarının xaricdəki imkanlarını daha da artırır.
"Bu gün ali məktəblərin beynəlxalq əlaqələrinin genişlənməsi diplomların tanınmasına müsbət təsir göstərən əsas amillərdəndir. Xarici universitetlərlə əməkdaşlıq proqramları, tələbə mübadiləsi layihələri və beynəlxalq akkreditasiyalar ali təhsil müəssisələrinin nüfuzunu artırır və məzunların xaricdə təhsilini davam etdirməsini asanlaşdırır".
Təhsil eksperti vurğulayıb ki, təkcə paytaxtda yerləşən universitetlər deyil, regionlarda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələri də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır.
"Eyni zamanda regionlarda fəaliyyət göstərən Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti də müxtəlif beynəlxalq əməkdaşlıqlar və akkreditasiya imkanları sayəsində xarici ölkələrdə tanınma baxımından müəyyən üstünlüklərə malikdir.
Bu ali məktəblər də beynəlxalq layihələrdə iştirak etməklə və xarici tərəfdaşlarla əməkdaşlıq etməklə öz mövqelərini gücləndirirlər".
Ekspert hesab edir ki, gələcək illərdə Azərbaycan universitetlərinin beynəlxalq arenada daha geniş tanınması üçün təhsil proqramlarının müasirləşdirilməsi, elmi tədqiqatların gücləndirilməsi və beynəlxalq akkreditasiya proseslərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyacaq. Bu istiqamətdə atılan addımlar həm ölkənin ali təhsil sisteminin nüfuzuna, həm də məzunların qlobal əmək bazarındakı rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək.
Bizim.Media