Cəlilabad rayonunda yük və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.
Bizim.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi köhnə Ələt–Astara magistral avtomobil yolunun Cəlilabad rayonunun Alar kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Biləsuvar istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobili dönmə manevri etmək istəyən "ZİL" markalı yük maşını ilə toqquşub. Güclü zərbənin təsirindən yük avtomobili aşaraq yolun kənarına yuvarlanıb.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müvafiq şöbələrə yerləşdiriliblər.
Məlumata görə, "Kia"da olan sərnişinlər Biləsuvar rayonunda keçiriləcək toy mərasiminə hazırlaşmaq məqsədilə gözəllik salonuna gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu