Qonşu ölkələrdə yaşayış binalarında təhlükəsizlik və sakinlərin rahatlığı ilə bağlı qaydalar getdikcə sərtləşdirilir. Məsələn, Rusiya və Türkiyədə balkonlarda kabab çəkmək, izqara etmək qadağan olunub. Buna səbəb açıq alovdan istifadə hallarının yarada biləcəyi yanğın təhlükəsidir.
Azərbaycanda isə bu məsələ belə sərt tənzimlənməsə də davranış tələbləri var. Ən azından, qonşuluq prinsiplərinə əsasən qeyri-etik sayıldığı, qoxunun başqalarını narahat etdiyi üçün düzgün hesab edilmir.
Qanunvericilikdə konkret olaraq “balkonda kabab çəkmək” qadağan olunmayıb. Amma ümumilikdə, bu məsələ rəsmi qadağadan çox, vəziyyətə görə dəyərləndirilir. Yəni şikayət və ya risk varsa müdaxilə olunur.
Lakin son vaxtlar paytaxtda, eləcə də digər şəhər və qəsəbələrdə yaşayış binalarında yanğın hadisələrinin çoxalması, artıq bu məsələnin nəzarətə götürülməsini labüd edir.
Xüsusilə də çoxmərtəbəli binaların artması, sıx tikilməsi yanğın hadisələri üçün daha riskli şərait yaradır. Belə risk yaranarsa, yanğın təhlükəsizliyi qaydalarına və hadisənin miqyasına görə buna səbəb olan şəxs İnzibati Xətalar Məcəlləsi çərçivəsində cərimələnə bilər.
Şəfiqə Şəfa, Bizim.Media