Şəki Olimpiya idman kompleksində şəhid Şahmar Soltanlının xatirəsinə Yunan-Roma güləş növü üzrə 15 yaş arası turnir keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, turnir Dövlət Himninin sədaları ilə açılıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Şahmar Soltanlının anası Gülxar Bədirova çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra şəhid Cavidan Məmmədlinin anası Xatirə Məmmədova çıxış edərək gənc idmançılara öz xeyir-duasını verib.
Yeniyetmə və gənclərdə idmanın bu növünə diqqət və marağı artırmaq üçün təşkil edilən yarış, həm də onların vətənpərvər ruhda böyüməsinə zəmin yaradır.
Yarışlara qatılaraq yüksək nəticələr göstərənlər Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu