Yevlax şəhərinin Üzeyir Hacıbəyov küçəsində 2 yaşlı uşağın kanalizasiya arxına düşərək ölməsi barədə məlumat vermişdik.
8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb. Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
İkinci uşağı da eyni arxa düşərək dünyasını dəyişdi – VİDEO
Qeyd edək ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. İki il əvvəl həmin ailənin 3 yaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib.
Hadisədə həm valideyn nəzarətsizliyi, həm də çirkab sularının axdığı arxın yaşayış evlərinin yaxınlığından keçməsi və ətrafının bağlanmaması diqqət çəkir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, arx vaxtında təmizlənmədiyindən tez-tez dolub-daşır və bu vəziyyət ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olur.
Sakinlər dəfələrlə yerli icra hakimiyyətinə müraciət edərək arxın təmizlənməsi üçün kömək istəsələr də, bu günə qədər heç bir tədbir görülmədiyini bildirirlər.

Ən acınacaqlı məqam odur ki, bu arx artıq bir ailənin iki övladının həyatına son qoyub. Bu faciə yalnız bir ailənin ağrısı deyil, həm də illərdir davam edən səhlənkarlığın acı nəticəsidir. Çirkab sularının axdığı və artıq təhlükə mənbəyinə çevrilmiş arxın uzun müddətdir təmizlənməməsi, ətrafının hasarlanaraq təhlükəsiz hala gətirilməməsi aidiyyəti qurumların məsuliyyətsizliyini açıq şəkildə ortaya qoyur.
Hələ yaz-yay aylarında ətrafa yayılan kəskin qoxu və yaranan antisanitar vəziyyət də sakinləri ciddi narahat edir.
Məsul qurumların hələ də konkret tədbir görməməsi ciddi suallar doğurur.
Məsələ ilə bağlı əvvəlcə Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, hadisənin baş verdiyi ərazi qurumun xidmət sahəsinə daxil deyil.
Yevlax Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, həmin çirkab sularının axdığı arxı vətəndaş özü qazıb və onun rəsmi qurumlara heç bir aidiyyəti yoxdur.
Bu məqamda belə bir sual ortaya çıxır: həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya xətti yoxdurmu ki, sakinlər özləri arx qazmaq məcburiyyətində qalıblar?
Bu sualla müraciət etdiyimiz digər qurumdan isə fərqli cavab aldıq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin baş verdiyi Yevlax şəhərinin Üzeyir Hacıbəyov küçəsinin bir hissəsi mərkəzləşdirilmiş fekal kanalizasiya sistemi ilə təmin olunub. Lakin küçənin digər hissəsində çirkab sularının axıdılması arxlar vasitəsilə həyata keçirilir və həmin əraziyə Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidmət göstərilir.
Bu dəfə Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə yaratdıq. Qurumun rəsmisi Allahyar müəllimin sözlərinə görə çirkab suların yığıldığı arx vaxtı-vaxtında təmizlənir:
“Hələ oradakı sakinlər bizə təşəkkür edirlər ki, çox sağ olun, buranı təmizləyirsiniz. Ən son dünən əməkdaşları göndərmişik əraziyə təmizləyiblər. Həm də o arx dərin deyil. Şəhərdə hər yedə üstü açıq kanaldır. Hansı hasarlanmalıdır? 1 yaş 4 aylıq uşaqdı, gedib özünü o arxa salandan sonra nə edək? Adamın özünün evinin qarşısıdı, bütün kanalizasiyası ora axır. 1 yaş 4 aylıq uşaq orda nə gəzir?”, - deyə qurum rəsmisi əlavə edib.
Əlbəttə ki, oxşar faciənin əvvəllər də yaşanması valideyn nəzarətinin əhəmiyyətini daha da qabardır. 1-2 yaşda olan uşaqlar daim valideyn və ya böyüklərin nəzarəti altında olmalıdır.
Çünki bu yaşda olan körpələr ətraf mühitdəki təhlükələri dərk edə bilmir və hər hansı açıq su arxı, kanal, yol və ya digər riskli məkan onlar üçün ölümcül təhlükəyə çevrilə bilər.
Bu cür təkrarlanan hadisələr göstərir ki, uşaqların təhlükəsizliyi məsələsində diqqət və məsuliyyət maksimum səviyyədə olmalıdır.
Qeyd edək ki, çirkab sularının axdığı arxda boğulan azyaşlının ölüm faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu