Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cəbi Cəbiyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Cəbi Cəbiyev 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci il mayın 6-da saat 23:50-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən MMC-lərin birinə məxsus mağazada baş verib.
Belə ki, sərxoş vəziyyətdə olan Cəbi Cəbiyev mağazaya daxil olaraq obyektin müdiri, zərərçəkmiş Yusif Kərizadədən (adı və soyadı şərtidir) borc qismində 400 manat tələb edib.
Yusif isə həmin tələbi yerinə yetirməyib. Bundan qəzəblənən təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə basqın etmək qərarına gəlib. O, mağazanın daxilində yerləşən soyuducudan bir ədəd şüşə araq butulkasını götürərək sındırıb və şüşənin kəsici hissəsini silah qismində istifadə etməklə kassada dayanan satıcı, zərərçəkmiş İlqar Tağıyevin (adı və soyadı şərtidir) həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib.
İlqar qorxaraq kənara çəkildikdən sonra Cəbi saxlanc yeri hesab edilən kassa aparatını götürərək yerə çırpıb sındırıb və içərisində olan 750 manat məbləğində pul vəsaitini ələ keçirərək hadisə yerini tərk edib.
İttihama əsasən, bu hərəkətlərlə o, saxlanc yerinə qanunsuz daxil olmaqla, silah qismində istifadə edilən əşya tətbiq etməklə və zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə müşayiət olunan basqın edərək mağazaya 750 manat məbləğində maddi ziyan vurub. (Pravda.az)
Bizim.Media