Mətbuatda suyun qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yaydığı məlumatda qeyd edilib ki, tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib.Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib.
Qurumdan qeyd edilib ki, tarif siyasətinin əsas məqsədi yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır.
Günün ikinci yarısında Agentlik onların suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etmədiyi haqqında məlumat yayıb.
Ölkədə bir çox qiymətləri Tarif Şurası müəyyən edir. Bəzi hallarda Şura buna müvafiq qurumların müraciəti əsasında qərar verir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində Tarif Şurasına əlaqədar qurumlar təkliflə çıxış etməlidirlər:
“Tarif Şurası özü-özlüyündə qiymət artıra bilməz, onlara müraciət daxil olur, Tarif Şurası müraciətə baxır və baxıldıqdan sonra qiymət dəyişməsinə gedir. Yəni proses belədir. Belə bir xəbərin yayılması heç də təsadüfi deyil, çünki su ehtiyatları ilə bağlı yeni strategiya qəbul olunub və həmin idarə bu strategiyaya uyğun olaraq diferensial qiymət siyasətinə keçəcəyini bəyan edir. Diferensial qiymətə keçid o deməkdir ki, qiymətlərin artması gözləniləndir. Təəssüf ki, belə bir ehtimal kifayət qədər yüksəkdir”.
Günay Şahmar, Bizim.Media