Qazaxıstanda atalıq testi çoxdan nadir tibbi prosedur olmaqdan çıxıb. Bəziləri üçün bu, şübhələri aradan qaldırmağın bir üsulu, digərləri üçün isə münasibətləri pozmaq yoludur. Qəribədir ki, hər üç atalıq testindən biri neqativ çıxır.
Bu nə ilə bağlıdır?
Qazaxıstanlı araşdırmaçılar bunu daha çox ailədaxili xəyanətlə bağlayırlar. Yəni ailə dəyərləri daha əvvəlki qədər müqəddəs deyil. Digər səbəbsə süni mayalanmadır. Hər yerdə olduğu kimi bu ölkədə də süni mayalanma geniş yayılıb. Süni mayalanma nə qədər proqressiv olsa da, arzuolunan deyil. Çünki süni mayalanmada həkimlər daha çox donorların sperma və folekullarından istifadə edilir.
Bəs, bizdə vəziyyət necədir?
Atalıq testi edənlərin statistikası yayılmadığı üçün bu barədə konkret nəsə demək çətindir. Amma Azərbaycan ailələrində də başqasının uşağını böyütmək faktları var. Bu da təbii ki, süni mayalanmanın gətirdiyi problemdir.
Heç kimə sirr deyil ki, sosial şəbəkələrdə açıq-aşkar döl üçün sperma və folekulların alverinin elanları paylaşılır. Bu işlə məşğul olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan kriteriyalar da göstərilir. Yəni ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan folekul, ya da sperma götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir.
Həkim də pasiyentlərinə oxşayan donor ovuna çıxır. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edilmədiyini düşünməsin.
Nəzərə alaq ki, folekul və sperma donorluğu 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Folekulların köçürülməsi süni mayalanma deməkdir. Süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.
Bununla belə paytaxtımızın bəzi klinikalarının qarşısında özlərinin sperma və folekulunu satan adamların sayı getdikcə artmaqdadır.
Təbii ki, bu ağrılı prosesdə hər kəsi düşündürməlidir.
Əvvəla bu qanunsuz orqan alveridir. Digəri isə folekuldan, spermdən doğulacaq uşaqların gələcəyidir. Bax, ən qorxulu məqam da məsələnin ikinci tərəfidir. Folekul və ya sperma satan unudur ki, süni mayalamadan doğulan övladı ilə gələcəkdə yolları kəsişə bilər.
Nəzərə alaq ki, bu məsələdə həkimlər donorları aldadır, bunun heç bir zərəri olmadığını, təhlükəsiz, təbii prodsedur olduğunu deyirlər. Üstəlik folekul satmağa qərar verən qadına onun yetişməsini sürətləndirəcək hormonal iynələr vururlar. Çünki bu işlə məşğul olan həkimlər 1 folekulla kifayətlənmirlər, işdir, əgər birdən mayalanma getməsə, ödənilən pul boşa getməsin deyə ehtiyat folekullar götürülür.
Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox folekul yetişdirilir. Yəni sizə 1 folekul götürüləcəyini deyib müqabilində 500-700 manat ödəyib əslində 3-5, bəlkə də daha çox folekul götürə bilərlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər folekulu ayrı-ayrı pasiyentə satan bəzi həkimlər “qaz vurub, qazan doldururlar”.
Ona görə də Qazaxıstanda olduğu kimi Azərbaycanda da bir çox kişilər başqasının uşaqlarına atalıq edirlər.
Təbii ki, bütün bunlar cinayət əməlidir. Bəs, bu cinayəti törədənləri hansı cəza gözləyir?
Sualı Bizim.Media üçün cavablandıran hüquqşünas Ruslan Mustafayev bildirdi ki, belə hallara Cinayət Məcəlləsinin 137-ci maddəsi şamil edilə bilər:
“Bu maddəyə görə insan orqanlarının, toxumların alqı-satqısı və qanunsuz donorluq haqqında konkret məsuliyyət müəyyən edilib. Burda həm 6 min manatdan 9 min manatadək cərimə, 2 ilədək islah işləri, ya da ki, 3 il müddətində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 3 ilədək həbs nəzərdə tutulub.
Hesab edirəm ki, haqqında danışdığımız əməllər CM-nin 137.1 maddəsinə düşə bilər. Doğrudan da belə neqativ hallarla bağlı biz çoxlu məlumatlar alırıq. Amma bu əməllərə görə kimlərinsə məsuliyyətə cəlb edildiyi barədə KİV-lərdə hər hansı bir məlumata rast gəlinmir”.
Surxay Atakişiyev, Bizim.Media