Bakıda keçmiş həyat yoldaşları arasında baş verən mübahisə qanla bitib.
Bizim.Media xəbər verir ki, dəhşətli hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərasət Quliyev (ad və soyad şərtidir) 2018-ci ildə ailə həyatı qursa da, bu izdivac uzun çəkməyib. Cütlüyün birgə nikahdan Cavanşir adlı övladları dünyaya gəlib.
Bir neçə il sonra tərəflər arasında yaranan narazılıq boşanma ilə nəticələnib. Məhkəmənin qərarı ilə azyaşlı uşaq anasının himayəsində qalıb, ata isə övladını hər həftə görmək hüququ əldə edərək aliment ödəməyə başlayıb.
Hadisə günü ata növbəti dəfə övladını görmək məqsədilə qadının yaşadığı ünvana yollanıb. O, yeddi yaşlı Cavanşirlə bir müddət vaxt keçirdikdən sonra uşağı öz evinə aparmaq istəyib. Lakin qadın buna kəskin etiraz edib və nəticədə tərəflər arasında gərginlik yaşanıb. Mübahisə zamanı Fərasət üzərində gəzdirdiyi bıçaqla keçmiş həyat yoldaşının sifət və qol nahiyələrinə xəsarət yetirib.
Polis əməkdaşlarının müdaxiləsi nəticəsində F.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq elan edilib. Xəzər Rayon Məhkəməsinin qərarı ilə F.Quliyevə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib. (Oxu.az)
Bizim.Media