Keçən il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2025-ci il üzrə) əks olunub.
Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb.
O cümlədən:
- Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılmış və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;
- Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbayсап Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;
- Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb;
- Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;
- Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və s.
Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. Bələdiyyələrinin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə istintaq orqanlarına göndərilib.
Təhlillər göstərib ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsasən bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir.
Günay Şahmar, Bizim.Media