Gürcüstan Parlamenti "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikləri qəbul edib. Sənədə görə, tam ümumi təhsilin müddəti 11 ildən az, 12 ildən çox olmamaqla müəyyən edilir.Təhsil mərhələləri ibtidai (6 il), əsas (3 il) və orta (2 il + könüllü 1 il) pillələrə bölünür.
Dəyişikliklərdə dövlət məktəblərində şagirdlərin mobil telefonlar da daxil olmaqla elektron rabitə vasitələrindən istifadəsi üçün ümumi qaydalar müəyyən ediləcək.
Bu qaydalar şagirdlərin telefondan istifadəsinin məhdudlaşdırılması yönündə olacağı istisna edilmir.
Azərbaycanda da “Təhsil haqqında” Qanuna bir sıra dəyişikliklər olunub, ümumilikdə isə bu sahəyə aid yeni qanunun qəbulu bir neçə ildir müzakirə edilir.
Ölkəmizdə bu sahəni əhatə edən qanuna dəyişikliyə ehtiyac var? Bəs nələr əlavə edilməldiir? Telefon qadağası və 12 illik təhsil pilləsi qanunda yer ala bilərmi?
Təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, bizdə əsas problem ali təhsil haqqında qanunun təsdiqi ilə bağlıdır:
“Təhsil haqqılnda” Qanunda müəyyən dəyişikliklər olub, sonuncu dəyişikliklərin olması müzakirə olunur. Bu da müasir çağırışlara uyğun bəzi yeni elementlərin qanunvericilikdə öz əksini tapması ilə bağlıdır. Bizdə əsas problem ali təhsil haqqında qanunvericilikdir ki, bu, illərlə müzakirə olunur və hələ də ali təhsil haqqında qanun təsdiq olunmayıb”.
Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarına beş yaşdan qəbul aparılandan sonra bizdə də bir növ 12 illik təhsildir.
Ekspert ölkəmizdə məktəblərdə telefonlardan istifadə qadağasının mövcud olduğunu deyib:
“Elm və Təhsil nazirliyi tərəfindən şagirdlərin davranış qaydaları ilə bağlı müvafiq qəbul edilmiş qaydalar 2025-2026-cı tədris ilindən etibarən bütün tədris müəssisələrində tətbiq olunmağa başladı. Yəni bizdə mobil telefonların istifadəsi ilə bağlı qadağalar var. Belə məhdudiyyətlərin təhsil haqqında qanunvericiliyə daxil edilməsi haqqında müzakirələr aparılır.
Gözləntimiz ondan ibarətdir ki, növbəti dövr ərzində ola bilsin ki, dərsin gedişi zamanı istər təhsilalanlar, istərsə də təhsilverənlərin mobil telefonlar, ağıllı telefon və ağıllı saatlardan istifadəsinin məhdudulaşdırılması ilə bağlı qadağa tətbiq olunsun. İnformasiya texnologiyaları əsrində yaşayırıq. Bu əsrdə yeni yaranan innovasiyaların təhsil prosesinə tətbiqi vacibdir. Bundan irəli gələrək süni zəka ilə bağlı müəyyən gündəm mövzuları, dərslərin tədrisi, süni zəkadan istifadə olunması və s. yeni formalaşacaq təhsil haqqında qanunvericilikdə əksini tapmalıdır”.
O, təhsilverənlərin sertifikatlaşdırılmasının da qanunda yer almasının tərəfdarı olduğunu qeyd edib.
“Yəni kimlər bu prosesdən azad oluna bilər, kimlər neçə dəfə iştirakdan sonra növbəti sertifikasiya prosesinə buraxılmaya bilər və bu kimi məqamlar da yer almalıdır.
Hazırda Milli Məclisdə Uşaq hüquqları ilə bağlı da bəzi müzakirələr gedir. Burada uşaqların müdafiəsi ilə bağlı müəyyən dəyişikliklər də müzakirə mərhələsindən sonra qəbul olunandan sonra bəzi nüanslar təhsil haqqında qnaunvericilikdə də öz əksini tapmalıdır. Xüsusuilə, şagirdlərin vahid geyim qaydası, həmçinin, təhsilverənlərin geyim forması, etik davranış qaydaları və bu kimi amillər də sonrakı gedişatda qanunvericilikdə qeyd edilməlidir”.
Günay Şahmar, Bizim.Media