Əfsanəyə çevrilən KÖLGƏ ADAM – Ermənilərin kabusuna çevrilən Pəncəli Teymurovun ev muzeyindən REPORTAJ -FOTO

“Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu, üçrəngli bayrağına bükülsün şəhid tabutum…”

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, onun – dirisini ələ keçirməyə ümidləri olmayan ermənilərin başına milyonluq mükafat qoyduğu, "kölgə adam" ləqəbli kəşfiyyatçı Pəncəli Teymurovun öz toyunda uca səslə özünə ünvanladığı arzusu idi.

1981-ci ilin 24 martında Astara rayonunun Əzarüd kəndində dünyaya göz açan “kölgə adam” əslində şəhid olduğu Aprel döyüşlərindən sonra bizim üçün yenidən doğuldu. Görünməz kölgə olub düşmən tapdağında olan torpaqlarımıza tez-tez sızan istehkamçı-kəşfiyyatçı üçün Şuşanın öz yeri vardı. Ona görə yox ki, Şuşa dağlar qoynunda cənnət idi.

Dağlara qalsa…

İndi Əzarüd kəndinin adı az qala unudulub. Hər kəs rayon mərkəzindən 40 kilometrlik uzaqlıqda yerləşən bu yaşayış məntəqəsini artıq “Pəncəlinin kəndi” deyə nişan verir.


Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr sərəncamı ilə Pəncəli Teymurovu Milli Qəhrəman adı ilə təltif etməsindən sonra onun ata yurdunda yerləşən ev-muzeyinə ölkənin hər yerindən axın-axın ziyarətçilərin səfərləri davam edir. Uca dağlar qoynunda yerləşən ev-muzeyi bir dağlar oğlunun keçdiyi hərb yolunun, ilk qələbəmiz olan Aprel döyüşlərinin tarixini hər kəsə eksponatların dili ilə danışır.

Milli Qəhrəmanın anası Vahimə Teymurova deyir ki, Prezidentin Sərəncamını yolda olarkən eşidib:



“Mənə zəng edib bu xəbəri deyəndə bunu elə bizə qələbə sevincini yaşatmış Ali Baş Komandanın ailəmizə təbriki kimi qəbul etdim. 9 il idi ki, bunu gözləyirdik. Birbaşa Pəncəlinin məzarı üstə getdim. Ona dedim ki, oğlum-şəhidim, səni təbrik edirəm.

Bir neçə gün əvvəl prezidentimizin qızları da ev-muzeyinə gəlmişdilər. Öz ürək sözlərini də xatirə kitabına yazdılar. Hamısına ailəmiz adından təşəkkür edirəm”.

Bu da onun evi – Azərbaycan Milli Qəhrəmanlarının sonbeşiyi Pəncəli elə məhz burdadır.

Geydiyi hərbi geyimlər, 42 ölçülü çəkməsi, kursant paltarı… Fotoları…

Hələ heç kimin oxuya bilmədiyi xüsusi işarələrlə qeydlər yazılmış kəşfiyyatçı dəftərçəsi, uşaqlıqda oynadığı top, məzun geyimi, ermənilərdən qənimət götürdüyü silah, Türkiyə dövləti tərəfindən onun adı yazılmış xüsusi simvollu xəncər...


Ailəsi hər gün onun nəfəsini hiss etmək üçün bura gəlir. Onun buradakı əşyalarının hər biri tarixdir.

Muzeyi müharibə veteranı kimi Sumqayıtdan ziyarətə gəlmiş Həsən Yaqubov deyir ki, biz 44 günlük müharibəyə bütün şəhidlərimizin qisasını almaq üçün yollandıq.


“Biz xarici filmlərdən ideal seçib müharibəyə, döyüşə getmədik. Biz Polad Həşimovun, Mübarizin, Raqub Orucovun, Pəncəli Teymurovun qələbəyə açdığı yolla gedərək zəfərimizi qazanıb onların da qisasını aldıq. Aprel döyüşləri 44 günlük zəfərin açarı idi.”

P. Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Tezliklə kəşfiyyatçı peşəsinə yiyələnib. Yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda xidmətini davam etdirib. Diqqət etsəniz, 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəlinin partlatdığı 4 erməni zabiti və 20 əsgərinin olduğu “Ural” markalı maşının qırıntılarını da burada – muzeydə görə bilərsiniz.

Erməni generalını məhv etmək, hərbçilərin olduğu maşını partlatmaq, Aprel döyüşlərində onlarla erməni əsgərini, texnikasını sıradan çıxarmaq...

Təbii ki, bunlar Pəncəlinin bizə məlum olan qəhrəmanlıqlarıdır. Onun düşmənə sarsıdıcı zərbələr vurduğu elə xüsusi əməliyyatları var ki, bu gün də erməni ordusunda qorxu ilə xatırlanır. Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.

Pəncəlinin oxuduğu orta məktəb indi tam təmir olunub. Yaşlılar deyirlər ki, 1992-ci ilin Xocalı faciəsini yaşayanda oradakı kadrları izləyən 5-ci “A” sinifinin şagirdi – Pəncəli öz tay-tuşlarını başına yığıb, onları qarşıdakı meşəliyə apardı və uşaqlara dedi ki, buradan yol tapsalar, Xocalıdan qaçanları kəndə gətirəcəklər. Məktəblilər anladılar ki, bu qarlı qış günündə Qarabağa tərəf getmək çətin olacaq və kor-peşiman kəndə qayıtdılar.

 

Yolda Pəncəli bir ağacın yanında dayanıb gövdəsinə bir tank, bir qartal və bir dənə də ilan şəkli cızdı. Yanındakı uşaqlara and içdi ki, böyüyəndə gedib ermənilərdən qisas alacaq, tankı ilə onların başını bu ilan başı kimi əzəcək, sonra isə qartal kimi o dağların başında uçacaq.

Pəncəli dediyini etdi.

Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçisi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu hadisə erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Pəncəlinin oxuduğu məktəbdə indi daha bir Pəncəli təhsil alır. 2016-cı ildə dünyaya göz açan 9 yaşlı bu Pəncəli Milli Qəhrəman olan dayısının üzünü görməyib. Onun üçün bu ev-muzeyi məhz dayısını, adaşını tanıdığı məkandır.


“Bura gəlirəm, elə bilirəm dayım burdadır. Ona söz vermişəm, mütləq hərbçi olacağam. Mənim adım çəkiləndə hamı bir an dayanır. Tanıyan da, tanımayan da. Bilirəm, dayıma görədir. Zəfər gününə görə məktəbdən tez buraxdılar, gəlib gördüm anam həm sevinir, həm ağlayır. Dayıma Milli Qəhrəman adının verilməsini o, mənə dedi.”

Muzeyin təqvimində 2016-cı ilin apreli xüsusi yer tutur.

O aprel səhərində Pəncəli bir dəfə Talış kəndinə girib, daha sonra Seysulan tərəfə keçmişdi. Düşməndən geri alınan mövqedə postları möhkəmləndirmək üçün Murad Mirzəyev, Samit İmanov da onun açdığı istehkamla hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yol da qət etmişdilər. Azərbaycan Ordusunun cavab atəşindən çaşan, hər zaman “Ohanyan xətti” deyib qoruduqları mövqelərdə yaranan fövqəladə vəziyyət erməniləri çaş-baş salmışdı. Lakin əsgərlərimizin yenicə təmizlədiyi səngərlərdə və mövqelərdə bizim hərbçilər də bərkitmə işləri aparırdılar.

Arxadan həm də kömək gözləyirdilər...

Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlinin bədənini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Yıxıldığı yerdən ayağa durub, silahını götürərək səngərdən qabağa tullandı...

Arxadan Murad Mirzəyev onu nə qədər çağırsa da, Pəncəli eşitmirdi...

Çünki Pəncəli kontuziya almışdı və özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə – qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli ağır yaralanaraq yerə yıxıldı... Üzbəüz döyüşə qalsaydı, Pəncəli erməniyə can verməzdi... Axı bu yollarla düşmən tapdağı altında olan ərazilərimizə keçib o qədər uğurlu əməliyyatlarda iştirak etmişdi ki...

Aprelin 11-də Əzarüd kəndində Pəncəlinin məzarı üstündən xatirə yaylım atəşləri açılır.

Kənd məktəbinin müəllimi Vüqar Cövdəyev deyir ki, Pəncəlinin uşaqlıqdan tanıyır.

“Uşaqlıqdan qəribə şəkildə cəsarətli, inadkar və həm də fiziki cəhətdən güclü idi. Bütün bunlarla bərabər ədalətli olmaq qədər gözəl xarakteri var idi. Onun qəhrəmanlığı məhz bizim üzləşdiyimiz ədalətsizlikdən doğdu. Bu gün muzeyi məktəb kollektivimizlə birgə ziyarət etdik, indi bu muzey artıq Milli Qəhrəmanımızın muzeyidir. Buna görə cənab Prezidentə hər birimiz təşəkkür edirik.”

Şuşadan bu kəndin dağlarına çox məsafə var.

Amma şəhid ruhları üçün zaman da, məkan da bizdən fərqlidir. Məzarı başında atılan güllələrin əks-sədası mütləq Şuşada səslənməli idi. Və səsləndi də. Aprel güllələri qaranquş olub Şuşa dağlarına apardı bizi. İndi məzarı başında isə Cıdır düzündən tez-tez çiçəklər gəlir. Elə məhz həmin apreldə də biz başqa Azərbaycan olduq. Əfsanəvi kəşfiyyatçının şəhid tabutuna qucaqlanmış bayrağımız çox keçmədən tarixi 8 noyabrda Şuşanı öz rənglərinə qovuşdurdu.
























Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?

Trampla Zelenski arasındakı gərginliyin pərdəarxası MƏQAMLARI

Trampla Zelenski arasındakı gərginliyin pərdəarxası MƏQAMLARI

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Fermerlərin DİQQƏTİNƏ – Təsərrüfatda istifadə edilən suyun həcmi belə hesablanacaq

Gecəni su basmış studiyada keçirdi - Video

Gecəni su basmış studiyada keçirdi - Video

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Bu evlərə kupça verilməyəcək

Bu evlərə kupça verilməyəcək

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Ceyhun Bayramov çinli həmkarı ilə nəyi müzakirə etdi? - FOTO

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Konfrans Liqasında Liqa mərhələsi start götürür

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda 20 yaşlı oğlan bıçaqlandı

Bakıda tozlu hava nə vaxtadək davam edəcək?

Bakıda tozlu hava nə vaxtadək davam edəcək?

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB

40-dan çox təyyarə İstanbula enə bilmədi – Qasırğa şəhəri İFLİC EDİB

Vəfat edən şəxsin kommunal borclarını kim ödəməlidir? – HÜQUQİ İZAH

Vəfat edən şəxsin kommunal borclarını kim ödəməlidir? – HÜQUQİ İZAH

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

"Qiyamət günü"nün tarixi açıqlandı: Bəşəriyyət necə məhv ola bilər?

Çempionlar Liqası: "Fənərbağça" darmadağın oldu - VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın oldu - VİDEO

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatına çevriləcək, yeganə yol budur”

Tramp: “Kanada ABŞ-ın 51-ci ştatına çevriləcək, yeganə yol budur”

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr – VİDEO

“Arsenal” kütləvi ixtisarlar edə bilər

“Arsenal” kütləvi ixtisarlar edə bilər

End of content

No more pages to load

RADİO