Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun cəbhə xəttindəki hərbi hissə və birləşmələrə səfəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi hərbi ekspertlər baş verənləri N.Sadıqovun öz nüfuzunu qaldırmaq üçün atdığı növbəti addımlardan biri kimi dəyərləndirib. Bununla bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov da N.Sadıqovun cəbhə xəttinə səfərinin bu şəkildə gündəmə gətirilməsinin doğru olmadığını vurğuladı: “Mən bu cür primitiv xəbərlərin mətbuatda yer almasından təəssüf duyuram. Bu xəbər Müdafiə Nazirliyinin rəsmi saytından götürülüb. Maraqlıdır, məgər Müdafiə Nazirliyi sadəcə nazir və baş qərargah rəisindən ibarətdir? Müdafiə Nazirliyində digər müavinlər, idarə və şura rəisləri də var. N.Sadıqovun adının bu şəkildə gündəmə gətirilməsi şəxsiyyətə pərəstişin bir elementidir. Yeni ilin əvvəlində yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq N.Sadıqovun hərbi birləşmələrin vəziyyəti ilə tanış olması onun vəzifə borcuna daxildir. O, qoşunların döyüş hazılığına cavabdeh bir şəxsdir. Bu, adi səfərlərdən biridir. N.Sadıqovun səfəri bütün dünyada qəbul edilən adi qaydalardan birinin yerinə yetirilməsidir. N.Sadıqovla bağlı nazirliyin saytında bu cür məlumatların getməsi heç də təsadüfi deyil. O, çox yaxşı bilir ki, cəmiyyətdə ona olan münasibət mənfidir. Hesab edirəm ki, N.Sadıqov kimin dostu olmasından asılı olmayaraq, öz vəzifəsindən uzaqlaşdırılmalıdır. Çünki o, bu vaxta qədər heç bir müsbət addımı ilə yadda qalmayıb”.
Seymur Əliyev