"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus sərnişin qatarının vurduğu şəxsin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) saat 9-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, aparılan instrumental müayinələr zamanı pasiyentə alın sümüyünün sınığı, sağtərəfli alının sıyrılmış yarası diaqnozu təyin edilib:
"İxtisaslı həkim baxışından sonra vəziyyəti qənaətbəxş hesab edilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".
Xatırladaq ki, bu gün saat 08:31-də ADY-yə məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb. Maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb.
Bizim.Media