Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ili tamam olur.
Heydər Əliyev sıradan bir siyasətçi deyildi. O, siyasət xatirinə siyasətə qoşulanlardan da deyildi. Heydər Əliyev SEÇİLMİŞLƏRdən idi. Allahın seçdiyi, zamanın təqdir etdiyi bir ŞƏXSİYYƏT idi .
Mən qəti əminliklə deyirəm ki, əgər 1993-cü ilin iyununda Azərbaycanda Heydər Əliyev kimi təcrübəli bir siyasət adamı olmasaydı indiki müstəqil Azərbaycan da olmazdı. Daha doğrusu, bu ölkənin yerində bir neçə etnik-separatçı dövlətciklərin peyda olduğunu görərdik.
Amma o Naxçıvandan Bakıya- Azərbaycanın siyasət mərkəzinə gəldi, dövlətin idarəetmə sükanının arxasına keçdi və müstəqil dövlət kimi ilk kövrək addımlarını atan Azərbaycanı mürəkkəb geopolitik çaxnaşmaların yaratdığı təhlükələrdən ustalıqla qoruyaraq milli dövlətçiliyimizi sağlam təməllər üzərinə oturtmağı bacardı.
Bunu ancaq çox ağıllı, uzaqgörən bir siyasət ustası, çevik siyasi taktikalar qrossmeyestri edə bilərdi.
90-cı illərin əvvəllərindəki mürəkkəb siyasi təlatümləri xatırlayanlar yəqinki mənim bu sözlərimin həqiqət olduğunu təsdiqləyərlər. Həmin vaxt Azərbaycan tamamilə ümidsiz bir vəziyyətə düşmüşdü. Heç kəs sabah nə baş verəcəyini bilmirdi. Heç kim ölkəmizi yaranmış siyasi böhrandan çıxartmağın yolunu tapa bilmirdi. Hamı çarəsiz bir duruma düşmüşdü. Ölkədə xaos hökm sürürdü. Və hamı bir xilaskar axtarışında idi.
Mən o illəri yaxşı xatırlayıram. Və Tanrıya dualar edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi bir də heç vaxt 1993-cü ildəki kimi sınağa çəkilməsin. Həmçinin, şükürlər edirəm ki, nə yaxşı ki, həmin vaxt bizim Heydər Əliyev kimi dəyərli, dünyagörmüş bir dövlət xadimimiz vardı.
O, bir məktəb idi. Mən onu siyasət elmlərini öyrənmək istəyən, siyasətçi olub da Azərbaycanın ümumi inkişafına töhfə vermək istəyən hər kəs üçün əvəzolunmaz bir MÜƏLLİM sayıram.
Və əlbəttə, özüm də bir gənc siyasətçi kimi hər zaman Heydər Əliyevin siyasi irsi ilə yaxından maraqlanıram. Onun nitqlərini diqqətlə izləyirəm, taktiki gedişlərini, priyomlarını özümçün təhlil edirəm, onun fenomenal yaddaşından tutmuş incə yumor qabiliyyətinə qədər, hər bir xüsusiyyətlərini görüb-götürməyə çalışıram.
Mən hal-hazırda Heydər Əliyevin siyasi kursunu özüyçün prioritet hesab edən və dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətini dəstəkləyən bir partiyaya - Demokratik Azərbaycan Dünyası Partiyasına (DADP) rəhbərlik edirəm.
Bizim partiya bilavasitə Heydər Əliyevin adıyla bağlı olan bir partiyadır. Çünki bu partiya yaranarkən məhz Ulu Öndərin xeyir-duası ilə yaranıb, siyasət meydanına vəsiqə qazanıb. Bu mənada, mən bu gün çox şadam ki, məhz Heydər Əliyev kimi siyasət nəhənginin xeyir- duasını almış bir partiyaya rəhbərlik edirəm.
Ruhun şad olsun, Ulu ÖndəR
DADP MƏTBUAT XİDMƏTİ

