Keçmiş MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl Baş Prokurorluğun son açıqlamasını Moderator.az - a şərh edib:
"Baş Prokurorluğun "MTN işi" ilə bağlı açıqlaması konkret olaraq istintaq materiallarına, şikayətlərə əsaslanır və hüquq baxımından düzgündür. MTN rəhbərliyinin bu günə məlum olan qanunsuz əməlləri barədə istintaqa məlum olan budur. Bu rəqəm iki, üç, beş də olsa, 57 də olsa artıq hüquq üçün fərq etmir, məsuliyyəti də artırıb - azaltmır. Amma təbii ki, bunun son olmadığı bəllidir. Qeyd edək ki, xeyli adam - yəni MTN repressiyasından zərərçəkən istintaqa müraciət etməmiş ola bilər. Səbəblər müxtəlifdir. Adının hallanmasını istəməyənlər, istintaqa gedib - gəlməkdən, şahid olmaqdan, üzə durmaqdan çəkinənlər və sair ola bilər. "Qarğa, məndə qoz var" ehtiyyat prinsipini üstün tutanlar da var. Bu istintaqdır, konkretliyə əsaslanır. Cəmiyyət üçün isə bütün cinayət əməlləri, vəzifədən sui - istifadə, səlahiyyət həddini aşma faktlarının hamısı aşkar olunmalıdır ki, bu yolda olanlar dərs alsın, qanundan, cəmiyyətin qınağından çəkinsinlər. Hər bir fərd bu tip əməllərin hədəfinə tuş gəlsə haqqını tələb etsin, qorxmasın, şikayət etsin, yeri gələndə ictimailəşdirsin. Bu aşkarlıq həm cəmiyyəti, həm də məmuru tərbiyə etmiş olur".