Bakı Slavyan Universitetini qırmızı diplomla bitirən Lalə Məmmədli Təhsil Nazirliyi tərəfindən üzləşdikləri biganəliklə bağlı Moderator.az-dan yardım istəyib. Mövzunun aktuallığını və bununla bağlı dövlət proqramı olduğu halda onun icrasındakı çoxsaylı qüsurlar barədə zaman-zaman mətbuatda narazılıqlar dilə gətirildiyini nəzərə alaraq onun ictimailəməsinə qərar verdik və bəri başdan ümid etmək istəyirik ki, yeni təhsil naziri Mikayıl Cabbarov sələfinin dövründə məhz bu sahədə də buraxılmış yanlışlıqların düzəlməsi istiqamətində təxirəsalınmaz addımlar atılmasına göstəriş verəcək:
Lalə Məmmədlinin sözlərinə görə 2011-ci ildən Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahandan həm özü, həm də həyat yoldaşı keçərək Quba rayonunun ucqar kəndlərindən biri olan Suxtakələ kəndində müəllim işləməyə başlayıblar: “O zaman təhsil naziri Misir Mərdanov idi. Mən və həyat yoldaşım Suxtakələ kəndinin 9 illik orta məktəbində müəllim işləməyə başladıq. Orada şərait çox acınacaqlıdır. Nə qaz var, nə yaşamaq üçün başımızı soxacaq bir daxma. Amma bizim orada işləməyimiz üçün müəllimlər üçün ayrılmış imtiyazların olacağı haqqında söz vermişdilər. 3 il orada qalıb işlədikdə torpaq sahəsi və həmin müddət ərzində əmək haqqından əlavə müavinətlərin verilməsi, eyni zamanda qaz olmadığı üçün pulsuz odunla təmin edəcəkləri söylənilsə də artıq üç ildir Təhsil Nazirliyi verdiyi heç bir sözə əməl etməyib və bizi taleyini ümidinə buraxdılar”.
Lalə Məmmədlinin sözlərinə görə, hər biri 300 manat əmək haqqı alır və bu əmək haqqı ucqar rayonda yaşamaq üçün çox azdır: “Qaz olmadığı üçün, qaz balonu alırıq, odun alırıq, kirayə pulu veririk və eyni zamanda iki uşaqla yaşamaq da çox çətindir. Kənddə nə polikninika var, nə aptek, nə də bazar. Uşaqlar körpədir, hər dəfə şəhərə getmək gərəkir. Yollar bərbad olduğundan cəmi bir avtobus işləyir. O da havadan asılıdır. Hava şəraiti əl verməsə şəhərlə kənd arasında əlaqə tamam kəsilir”.
Şikayətçi bildirir ki, Təhsil Nazirliyinə verilən sözlərlə bağlı dəfələrlə müraciət ediblər: “Bizə deyildi ki, əgər həmişəlik orada işləməyə razı olsanız, söz verilən torpaq sahəsini sizə verərik. Başqa heç nə. Bu cür şəraitdə orada yaşamaq mümkün deyil. İki uşaqla, evsiz-eşiksiz qalmaq çox ağırdır”.
Lalə Məmmədli daha sonra “bu təyinatdan siz heç bir qəpik də artıq müavinət almadınızmı?” sualına belə cavab verir:
“Aldıq. İlk dəfə 2011-ci ildə işləməyə başlayarkən əmək haqqımızın iki mislini aldıq, yəni adambaşı 600 manat. Ondan sonra quru əmək haqqından savayı heç nə almamışıq. İndi təyinatla bizə verilən 3 il tamam olur. Biz həm işsiz, həm də evsiz qalmışıq. Aidiyyatı orqanlardan bu işlə yaxından maraqlanmalarını xahiş edirik."