Buraxılış və qəbul imtahanlarının keçirilmə tarixləri yaxınlaşdıqca abituriyentlərdə yaranan sualların sayı da artır.
Tez-tez verilən suallardan biri də universitetlərə sənəd qəbulunun hansı tarixlərdə başlamasıdır.
Qeyd edək ki, ali təhsil müəssisələri ilə yanaşı, kolleclərə də sənəd qəbulu eyni vaxtda aparılır.
Moderator.az Dövlət İmtahan Mərkəzinə istinadən, xəbər verir ki, bu il ali təhsil müəssisələri və kolleclərə sənəd qəbulu mart ayında aparılır. Konkret tarixlər müəyyən olunan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, 2023-cü ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.
Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək.
İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.