
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.
Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.
Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.
Görüşdə İƏT-ə üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, ortaq prioritetlərin dialoq, əməkdaşlıq və birgə fəaliyyət yolu ilə irəli aparılması istiqamətində sədaqət bir daha təsdiqlənib.



Bizim.Media