ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olması yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, eyni zamanda Cənubi Qafqazın geosiyasi xəritəsinin yenidən formalaşmasının mühüm göstəricisidir.
Bizim.Media xəbər verir ki, bunu "Report.az"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, son beş ildə regionda baş verən proseslər nəticəsində güc balansı əsaslı şəkildə dəyişib və yeni regional təhlükəsizlik arxitekturası Azərbaycanın yaratdığı reallıqlar üzərində formalaşır. Deputat qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsi ilə status-kvo dəyişib, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, 2025-ci ildə isə sülh müqaviləsinin paraflanması ilə postmünaqişə dövrünün siyasi-hüquqi çərçivəsi müəyyənləşdirilib.
E.Mirzəbəyli bildirib ki, Vaşinqtonun bu reallığı qəbul etməsi ABŞ-nin Cənubi Qafqaz siyasətində keyfiyyət dəyişikliklərinin göstəricisidir.
O vurğulayıb ki, ABŞ artıq Azərbaycanı yalnız enerji tərəfdaşı deyil, Avrasiyanın nəqliyyat-kommunikasiya sistemində mühüm iştirakçı, Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş və regional sabitlikdə əsas aktorlardan biri kimi qiymətləndirir.
Deputatın fikrincə, Azərbaycanın beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi çıxış etməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və ardıcıl xarici siyasəti ABŞ ilə münasibətlərin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynayıb.
O bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, "907-ci düzəliş"in dondurulması, həmçinin iqtisadi və nəqliyyat layihələri üzrə əldə olunan razılaşmalar Vaşinqtonun regiona əməkdaşlıq prizmasından yanaşdığını göstərir.
E.Mirzəbəyli Zəngəzur dəhlizinin də geosiyasi əhəmiyyətini xüsusi vurğulayıb:
"Bu layihə Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat xəttinə çevriləcək".
Deputat qeyd edib ki, enerji təhlükəsizliyi, logistika imkanları və nəqliyyat marşrutları müasir dövrdə mühüm geosiyasi amillərdir.
Azərbaycanın Xəzər hövzəsi, Orta Dəhliz, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və perspektivdə Zəngəzur dəhlizi vasitəsilə bu sahələrdə strateji mövqeyə malik olduğunu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uzunmüddətli strateji baxışa əsaslanır və Azərbaycanın regional liderliyini təmin etməyə yönəlib. E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazın ən güclü dövləti deyil, həm də regionun siyasi gündəliyini müəyyən edən və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunan aktordur.
Deputat əlavə edib ki, Azərbaycan-Ermənistan sülh prosesinin ABŞ platformasında yeni mərhələyə keçməsi beynəlxalq aktorların Azərbaycanın yaratdığı sülh modelinə dəstək verdiyini təsdiqləyir.
E.Mirzəbəylinin fikrincə, son illərin əsas nəticəsi Azərbaycanın Cənubi Qafqazın gələcəyini müəyyən edən siyasi gündəliyin müəllifinə çevrilməsidir. O qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ səfəri və onun nəticələri Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq güclər tərəfindən qəbul edilməsinin göstəricisidir.
Bizim.Media