Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, imzalanan Birgə Bəyannamə təkcə Cənubi Qafqazda sabitliyin təminatı baxımından deyil, bütövlükdə müasir dünyada həllini gözləyən bir çox münaqişələr üçün dönüş nöqtəsi kimi dəyərləndirilir.
Bizim.Media xəbər verir ki, bunu "Report.az"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanması sülh razılaşmasının imzalanmasına etibarlı hüquqi keçid oldu:
"Vaşinqton görüşlərində illərdən bəri uğursuz, səmərəsiz fəaliyyəti ilə diqqətdə olan Minsk qrupunun tərəflərin birgə razılığı ilə ləğv olunması sülhə doğru atılan mühüm addım kimi dəyərləndirilib. İlham Əliyevin siyasi uzaqgörənliyi illərdən bəri ölkəmizə qarşı aparılan təxribatların iflası, həqiqətin yalanlar üzərində qələbəsi olub. Vaşinqtonda imzalanan Bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alınıb, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiqlənib. Bu, ölkə Prezidentinin beynəlxalq aləmdə qazandığı etimadın, diplomatik uğurlarının daha bir təsdiqidir".
Deputat qeyd edib ki, ABŞ Prezidentinin Ağ Evin rəmzi açarını dünya siyasətində qətiyyətli mövqeyi, zəngin təcrübəsi ilə böyük nüfuz qazanan Prezident İlham Əliyevə təqdim etməsi ABŞ-Azərbaycan əlaqələrinə verilən dəyər, dövlət başçısına şəxsi hörmət və etimadın ifadəsi idi:
"Son bir ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafında əhəmiyyətli addımlar davamlılığı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev ötən ay keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışında diqqəti Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyyəsinə yönəldərək bildirdi ki, ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.
Sülh müqaviləsinin beynəlxalq hüquqa əsaslanan şərtlərinin müəllifi və təşəbbüskarı Azərbaycandır. Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazandı. Azərbaycanla Ermənistan arasında ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi olmuş, Ermənistan sülhə məcbur edilmiş və paraflanma ABŞ-ın vasitəçiliyi ilə baş tutub. Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir".
V.Rəhimzadə əlavə edib ki, Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaradıb:
"Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdə iş aparması bunun nəticəsidir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının dəyişilməsi ilə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhə nail olunacaq. Vaşinqton sammitindən ötən bir ildə Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub.
Prezident İlham Əliyevin "Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçib. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə, nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib".
Bizim.Media