Sülh Körpüsü Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa qarşılıqlı əlaqəni təşviq etməyə davam edir.
Bizim.Media xəbər verir ki, bu dəfə Ermənistan nümayəndə heyəti quru sərhədi vasitəsilə Azərbaycana gəlib.
Onlar sərhədin delimitasiya olunmuş və demarkasiya olunmuş hissəni keçib və bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarını tamamlayıblar.
Qeyd edək ki, 2026-cı il aprelin 10-dan 12-dək Sülh Körpüsü Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə növbəti ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli zirvə görüşündə qəbul edilmiş razılaşdırılmış ikitərəfli sülh gündəliyi çərçivəsində baş tutur.
Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, Sülh Körpüsü Təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyəti və nailiyyətləri, eləcə də regiondakı vəziyyətin müzakirələri daxildir. Ayrı-ayrı sessiyalar ictimai səviyyədə sülhün təşviqinə və sülh prosesinin növbəti mərhələlərində etimadın yaradılmasına həsr olunacaq.






Bizim.Media