Xəbər verdiyimiz kimi bu gün İran tərəfindən Naxçıvan ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə endirilib.
Hadisə ilə bağlı millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, İranın bu addımı kifayət qədər ciddi, narahatedici bir addımdır. Azərbaycan da buna qarşı adekvat tədbirlər görməlidir:
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO
“Çünki bu, açıq düşmənçilik addımıdır. İrandan gələcək açıqlamadan sonra məsələyə daha aydın izah gətiriləcək. Bunun səhv yaxud anlaşılmazlıq kimi qiymətləndirilməsi də yolverilməzdir. Belə səhvlər bağışlanmır”.
Deputat bildirdi ki, ABŞ və İsrailin İrana hərbi müdaxilələsinin başladığı gündən bu yana İranın özünə dost saydığı və ya neytral olan dövlətlərə atdığı raket və dronları bu dövlətlərin dincliyini pozur.
“Bu düşmənçilik İrana böyük sıxıntı gətirəcək”
“Bununla da İranın qonşu dövlətlərə qarşı strategiyasının nə qədər vahiməli olduğunu anlamış olduq. İndi də İran bu arealı genişləndirərək bu proseslərdə ən çox loyallıq göstərən Azərbaycanı da hədəfə alıb. Üstəlik bunu da elə bir vaxtda etdi ki, Azərbaycan Prezidenti bir gün əvvəl İran səfirliyini ziyarət edib və orada İranın yaşadığı faciəyə görə başsağlığı vermişdi. Bu, Azərbaycanın dostluq və humanizm jesti idi. Amma İran onun cavabını heç bir gün keçməmiş düşmənçiliklə cavab verdi. Bu düşmənçilik hər halda İrana böyük sıxıntı gətirəcək. Azərbaycan tək deyil, müttəfiqləri var və yəqin ki, birlikdə İranın bu addımının cavab veriləcək”.
F.Mustafa diqqətə çatdırıb ki, bu, həm də İrandakı çoxsaylı azərbaycanlıların iradəsinə uyğun olmayan bir davranışdır və onların da kəskin etirazına səbəb olacaq:
“Çünki bu, bütövlükdə azərbaycanlılara qarşı yönəlmiş cinayətin başqa bir təzahürüdür. Bu qədər düşməni olan İran bir də qonşusuna, üstəlik müəyyən qohumluq bağları olan Azərbaycana qarşı belə sərt və məsuliyyətsiz davranış nümayiş etdirdi. Dünyada yaşayan azərbaycanlıların da bu istiqamətdə həmrəylik nümayiş etdirməyi vacibdir. Hər kəs bu təhlükə qarşısında sıx birləşməlidir”.
Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında isə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Şəfiqə Şəfa, Bizim.Media