ABŞ-la İran arasında xeyli müddətdir davam edən gərginlik nisbətən səngiyib.
Belə ki, tərəflər arasında Cenevrədə dünən baş turan danışıqlarda əhəmiyyətli irəliləyişlərin əldə olunduğu bildirilir. İran Xarici İşlər Nazirliyi də danışıqlarda müsbət irəliləyişlərin əldə olunduğunu elan edib. Məlumata görə, tərəflər arasında texniki səviyyəli danışıqlar gələn həftə Vyanada keçiriləcək.
Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də Amerikanın Yaxın Şərqdə uzunmüddətli savaşa girməyəcəyini bəyan edib.
“Düşünürəm ki, hamımız diplomatik varianta üstünlük veririk. Amma bu, iranlıların addımlarından asılıdır”, – deyə Vens əlavə edib.
Göründüyü kimi, son açıqlamalarda tərəflər təhdidlərdən uzaq ritorika sərgiləyiblər. Bu isə ekspertlər tərəfindən iki ölkə arasında gərginliyin azaldığına işarə kimi qiymətləndirilir.
ABŞ-la İran arasında razılaşma əldə olunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, martın 2-də baş tutacaq görüşdən sonra Omanın vasitəçiliyilə daha bir raundun keçirilməsi də nəzərdə tutulur və məhz həmin müzakirələrdə razılaşmanın əldə olunacağı ehtimal edilir:

“İranla ABŞ arasında danışıqların növbəti raundunun martın 2-də Vyanada keçiriləcəyi gözlənilir. Bu dəfə texniki məsələlərin həllinə dair razılaşmaların əldə olunması nəzərdə tutulur. Ona görə prosesdə texniki məsələlərə məsul şəxslərin iştirakı da gözlənilir. Rəsmi Tehran İranın nüvə silahı əldə etmək istəmədiyini dəfələrlə bəyan edib. İndi də onlar həmin mövqedə qalırlar. İranın Müdafiə Şurasının katibi Əli Şamxani də xüsusi olaraq vurğulayıb ki, ABŞ-ın yeganə tələbi uranın zənginləşdirilməsilə bağlıdırsa, tezliklə razılaşma əldə etmək mümkün olacaq”.
Deputat qeyd edir ki, proseslə bağlı optimist məqamlar güclənib:
“Lakin ABŞ-ın digər tələbləri də var. Bunlardan biri İranın balistik raketlərinin ləğvi və Tehranın proksi qüvvələrə dəstəyinin dayandırılması məsələsidir. Hələlik isə görünən odur ki, yalnız uranın zənginləşdirilməsi məsələsi müzakirə mövzusudur. Martın 2-də keçiriləcək görüşdən sonra Omanın vasitəçiliyilə daha bir raundun keçirilməsi də nəzərdə tutulur ki, məhz burada da razılaşmanın əldə olunacağı ehtimal edilir. Hər halda tərəflər bunu xüsusi olaraq vurğulayırlar”.
Müsahibimizin fikrincə, ABŞ-ın təzyiqi və İrana qarşı sanksiyalar Vaşinqtonun tələblərinin yerinə yetiriləcəyini deməyə əsas verir:
“Bunu da yəqin ki, danışıqların növbəti raundunda görəcəyik. Uranın zənginləşdirilməsi məsələsində razılığın əldə olunmasının ardınca, digər tələblər də ortaya qoyulacaq. ABŞ rəsmiləri də əslində yalnız digər tələblərin yerinə yetiriləcəyi təqdirdə, qarşılıqlı razılaşmanın olacağını, sanksiyaların götürüləcəyini qeyd edirlər. Bu baxımdan hesab edirəm ki, yekun razılaşmadan söz açmaq hələlik tezdir”.
Rüfət Sultan, Bizim.Media