“Qeyd etdiyim kimi, proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Bakının su təchizatı ilə bağlı müşavirə keçirdi - FOTO/VİDEO
“İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır.
Çünki yenə də deyirəm, proqram 2035-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür.
Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”, - deyə Dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.
Bizim.Media