Azərbaycanın son beş ildə keçdiyi yol dünya tarixində unikal nümunədir. Çünki ölkəmiz həm hərb, həm də diplomatiya meydanında Zəfər qazanmağa nail olub.
2020-2025-ci ildə baş verənlər təkcə Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişmədi, həm də beynəlxalq hüququn real icra mexanizminin necə işləyə biləcəyini praktik müstəvidə nümayiş etdirdi. Azərbaycan 30 ilə yaxın kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü hesabına reallaşdırdı, torpaqlarını işğaldan tam azad etdi.
Bu isə İkinci Dünya Müharibəsindən sonra baş verən münaqişələrdə mütləq və tam qələbənin əldə olunduğu yeganə nümunədir.
Vətən müharibəsi: geosiyasi dönüş nöqtəsi
2020-ci ilin sentyabrında Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarının böyük hissəsini cəmi 44 gün ərzində azad etdi. Qələbənin əldə olunmasında əməliyyatların mükəmməl plan əsasında təşkili və icra olunması əsas faktorlardan biri idi. Ordumuz bu müddət ərzində təkcə doğma torpaqlarımızı işğaldan azad etmədi, həm də strateji yüksəklikləri və kommunikasiya xətlərini nəzarətə götürdü. Bu isə növbəti dövr üçün müstəsna əhəmiyyət kəsb edirdi.
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla müharibə dayandırıldı. Həmin dövrün hərbi-siyasi şərtlərində bu addımın atılması zəruri idi. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində sözügedən qərarın verilməsinin səbəblərini izah edib:
“Artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın və müharibənin 10 noyabrda dayandırılması da bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı”.
Sülhməramlılara tarixi xatırlatma
10 noyabrda əldə olunan razılaşmaya əsasən Qarabağa Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Bu qüvvələrin mandatı humanitar təhlükəsizliyin təmin edilməsi, mülki əhalinin qorunması, eləcə də tərəflər arasında gərginliyin alovlanmasının qarşısının alınması kimi funksiyaları əhatə edirdi. Ancaq onlar fəaliyyətlərindən çox fəaliyyətsizlikləri ilə yadda qaldılar.
Hələ 2020-ci ildə müharibədən heç bir ay keçməmiş erməni silahlıları təxribata əl atmağa cəhd etdilər. Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərindəki əməliyyat nəticəsində çox sayda erməni hərbçi əsir götürüldü. 2020-ci ilin dekabrında isə Hadrut istiqamətində Rusiya sülhməramlıları mühasirə vəziyyətinə salındı. Bu iki addımla Azərbaycan bu torpaqların kimə məxsus olduğunu bir daha xatırlatdı.
Antiterror əməliyyatlarına gedən yol
Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan hərbi müstəvidə strateji tədbirlər görməyə davam etdi. 2021-ci ilin mayında Azərbaycan ordusu Şərqi Zəngəzurda Qaragöl bölgəsini tamamilə nəzarətə götürdü. Bu Azərbaycanın real sərhədlərini bərpa etməkdə qərarlı olduğunu göstərən qəti addım idi.
2022-ci ilin martında isə Fərrux dağı istiqamətində Azərbaycan Ordusu tərəfindən daha bir uğurlu əməliyyat reallaşdırıldı. Nəticədə Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edildi
2022-ci ilin avqustunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı “Qisas” əməliyyatı həyata keçirildi. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.
2022-ci ilin 12–14 sentyabr tarixlərində isə Ermənistan ordusunun sərhəd təxribatlarına Azərbaycan Silahlı Qüvvələri sərt cavab verdi. Nəticədə bir sıra strateji nöqtələr ordumuz tərəfindən nəzarətə götürüldü. Bu gələcək dövrdə sərhəd təhlükəsizliyinin təmin olunması üçün mühüm addım idi.
Bütün qeyd olunan əməliyyatlar təkcə hərbi deyil, həm də siyasi mesaj idi: Azərbaycan öz suveren ərazisində heç bir “boz zona”ya, nəzarətsiz əraziyə dözməyəcək, təhlükəsizliyin təminatı üçün zəruri addımlar atacaq.
Praqa görüşü – Ermənistan reallıqlara barışmağa məcbur oldu
44 günlük müharibədəki ağır məğlubiyyətə, kapituliyasiyaya imza atmasına baxmayaraq, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirdi. İrəvan müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadır, Ermənistan rəsmiləri absurd açıqlamalarla çıxış edirdilər.
Lakin hərbi və diplomatik gedişlərlə Azərbaycan Qarabağ məsələsində qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Nəticə isə özünü 2022-ci ilin oktyabrında – Praqa görüşündə göstərdi. Həmin görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Təbii ki, İrəvan bunu öz xoşu ilə deyil, məcburi şəkildə etdi. Çünki Azərbaycan Ermənistana başqa seçim şansı qoymamışdı.
Praqa görüşü Rusiyanın bölgə ilə bağlı planlarını da iflasa uğratdı. Çünki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiya rəsmilərinin tez-tez dilə gətirdiyi “Qarabağın statusu” məsələsinin üzərindən birdəfəlik xətt çəkdi.
Vardanyan kartının uğursuzluğu
Bölgədə uzun müddət varlığını qorumağı planlaşdıran Rusiya bu məqsədinə nail olmaq üçün fərqli yollara əl atırdı. Həmin planlardan biri də Ruben Vardanyanın Qarabağa gəlişi idi. Moskvadan xüsusi missiya ilə göndərilən erməni oliqarxın Qarabağda separatçıların rəhbərinə çevrilməsi planın əsasını təşkil edirdi. Məqsəd isə bölgədəki prosesləri mürrəkəbləşdirmək və sülhməramlıların uzunmüddətli mövcudluğuna zəmin hazırlamaq idi.
Üstəlik, Vardanyanın gəlişindən sonra Laçın yolu vasitəsilə təbii sərvətlərimizin daşınması, qanunsuz iqtisadi fəaliyyət halları daha da artdı. Buna etiraz olaraq azərbaycanlı ekologiya fəalları Laçın yolunda dinc aksiyaya başladılar. 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinə qədər davam edən nümayişlər bəhrəsini verdi, sərvətlərimizin qanunsuz şəkildə daşınmasının qarşısına sədd çəkildi. Laçın yolunda Ermənistanla şərti sərhəddə sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bu qanunsuz trafikin qarşısı tamamilə alındı.
Antiterror əməliyyatı – qondarma rejimin iflası
2023-cü ilin sentyabrı 3 il əvvəl olduğu kimi yenidən tarixə Azərbaycanın Zəfəri ilə yazıldı. 24 saatdan da qısa müddət davam edən əməliyyat nəticəsində Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub təslim oldular.
Bu əməliyyatın mükəmməlliyi yalnız qısa müddətdə nəticə qazanılması ilə bağlı deyildi. Eyni zamanda Azərbaycan Ordusu mülki əhalinin zərər görməməsi üçün təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirdi. Bu zərgər dəqiqliyi ilə hazırlanmış planın döyüş meydanında yüksək peşəkarlıqla icra olunması idi.
Əməliyyatlardan bir neçə gün sonra – sentyabrın 28-də qondarma rejim özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan ərazisində separatizm bəlası birdəfəlik sona çatdı.
“Nürnberq məhkəməsi”
Antiterror əməliyyatlarının davamı olaraq separatçıların liderləri də saxlanılaraq məsuliyyətə cəlb edildilər. Hazırda həmin şəxslər müstəqil məhkəmə qarşısında cavab verirlər.
Onlara qarşı irəli sürülən ittihamlar geniş spektri əhatə edir: müharibə cinayətləri, separatçılıq fəaliyyəti, konstitusion quruluşa qarşı zorakı cəhdlər, qanunsuz silahlı birləşmələrin yaradılması və idarə edilməsi, mülki əhaliyə qarşı zorakılıq, eləcə də qanunsuz silah saxlanması və dövlət sərhədinin pozulması. Saxlanma və istintaq prosesində vəkil təminatı, tərcümə xidmətləri və digər hüquqi prosedurların icrası isə bu prosesin emosional revanş deyil, hüquqi mexanizmlər üzərindən aparıldığını aydın şəkildə ortaya qoydu.
Mahiyyət etibarilə bu yanaşma Bakıda formalaşdırılan və şərti olaraq “müasir Nürnberq modeli” adlandırıla biləcək hüquqi çərçivənin tətbiqi kimi qiymətləndirilə bilər. Azərbaycan da məsuliyyəti etnik mənsubiyyətə deyil, konkret sübutlarla təsdiqlənmiş cinayət əməllərinə əsaslandırdı. Bu, hüququn aliliyinə söykənən dövlət modelinin praktik müstəvidə təsdiqi deməkdir.
Vaşinqton razılaşmaları – tarixi qələbənin siyasi təsdiqi
2025-ci ilin 8 avqustu Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Vaşinqtonda, Ağ Evdə imzalanan sənədlər, əldə olunan razılaşmalar Cənubi Qafqaz üçün yeni bir səhifə açdı. ABŞ-ın paytaxtında sülh sazişinin paraflanması ilə tarixi Zəfərimiz siyasi müstəvidə də öz təsdiqini tapdı.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Vaşintqonda əldə olunan razılaşmanın müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacağını açıq şəkildə ifadə etdi:
“Məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.
Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.
Tam və mütləq qələbənin formulu
Müasir tarixdə münaqişələrdə “yarımçıq qələbə” anlayışı hakimdir. Tərəflər müharibə aparır, bu və ya digər formada razılığa gəlirlər, ancaq yekun nəticə olmur. Məsələn Koreya savaşı 1953-cü ildə aktiv fazasını başa vurub. Ancaq yekun razılaşma hələ də yoxdur. Yaxın Şərqdə baş verən bütün münaqişələrdə isə fərqli bir mənzərə yaranıb: münaqişə tərəfləri dəyişsə də, savaşlar davam edib.
Əfqanıstan, Vyetnam müharibələri, Kəşmir böhranı - saymaqla bitməyəcək digər münaqişlərdə də yekun nəticə hasil olmayıb.
Ancar bir istisna var ki, onu da Azərbaycan reallaşdırıb. Belə ki, Qarabağ münaqişəsində əldə olunan tarixi Zəfər diplomatiya masasında da möhürlənib. Bu, şübhəsiz ki, siyasi tarixdə “tam və mütləq qələbə” anlayışına ideal örnək kimi yadda qalacaq.
İkinci Dünya Müharibəsindən sonra nadir hallarda rast gəlinən bu tam və mütləq qələbəni gətirən əsas amil isə bəllidir – güclü lider və onun ətrafında Dəmir Yumruq kimi birləşən Azərbaycan xalqı...
Bizim.Media-nın analitik qrupu