Azərbaycan hakimiyyəti ölkədə normal siyasi sistemin formalaşması üçün böyük fürsət kimi dəyərləndirilən prezident seçkilərini kütləvi qanun pozuntuları şəraitində keçirməklə, millətin iradəsinin ifadəsinə növbəti dəfə mane olub.
Prezident seçkilərinə ciddi surətdə hazırlaşan, bu mühüm siyasi
kampaniyada öz namizədini irəli sürən Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycanda 9 oktyabr 2013-cü ildə
keçirilmiş seçkilərlə bağlı
aşağıdakıları bəyan etməyi lazım bilir.
Prezident seçkilərində namizədliyi VİP tərəfindən irəli sürülmüş
partiyanın sədri Əli Əliyevin namizədliyinin Mərkəzi Seçki Komissiyasında (MSK)
qanunla nəzərdə tutulmuş beş gün müddətində deyil, on gün ərzində təsdiqlənməsi
Azərbaycan hakimiyyətinin bu seçkilərə necə yanaşmasına əsaslı qənaət yaradıb.
Seçkilərə qatılan və tələb olunan sayda
seçici imzalarını toplayaraq MSK-ya təqdim edən VİP sədri Əli Əliyevin
qeydiyyatından imtina olunması hakimiyyətin qeydə aldığı namizədlərin əksəriyyətindən
fərqli olaraq, VİP-in timsalında nəzarət edə bilmədiyi konkret siyasi qüvvənin
seçkidə iştirakında qətiyyən maraqlı olmadığını birbaşa təsdiqləyib.
Ə.Əliyevin
namizədliyinin qeydə alınması istiqamətində hüquq müstəvisində aparılan ardıcıl
mübarizə məhkəmə hakimiyyətinin mövcud iqtidarın iradəsindən kənar obyektiv qərar
qəbul etmək qabiliyyətində olmaması səbəbindən nəticəsiz qalıb.
Prezident seçkilərinin təşviqat mərhələsi də hakimiyyətin yaratdığı
qeyri-bərabər mübarizə şəraitində davam etdirilib. Hakim Yeni Azərbaycan
Partiyasının (YAP) namizədi, fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin təbliğatı
üçün ötən seçkilərdə olduğu kimi, yenə də dövlət resurslarından sui istifadə olunub.
Təəssüf
ki, təşviqat kampaniyası çərçivəsində prezidentliyə namizədlərin iştirakı ilə
keçirilən teledebatlar zamanı seçkiləri həyata keçirən hakimiyyətdaxili məlum
qruplaşma İ.Əliyevin susqun müşahidəçiliyi fonunda ictimaiyyətin hiddətlə
qarşıladığı milli əxlaqa zidd davranışları stimullaşdırmaqla, cəmiyyətdə hökm
sürən seçkilərə yönəlik etimadsızlığı daha da gücləndirib.
Hakimiyyət
prezident seçkiləri günündə də öz ənənəsinə uyğun davranaraq, xüsusilə, səssayma prosesinin normal müşahidə edilməsinə
imkan verməyib, seçicilərin YAP namizədinin lehinə səs vermələri üçün geniş
miqyasda “karusel” taktikasından istifadə edib və qanunla qadağan olunmuş digər
addımlar atıb.
Bu
qanunsuzluğun davamı və sonucu olaraq, MSK namizədlərin bir çoxuna yazılan
yekun səslərin fonunda onları aşağılamaqla, YAP-ın namizədi İ.Əliyev üçün 85
faiz civarında nəticə rəsmiləşdirərək, Azərbaycanda növbəti dəfə “futbol
matçında basketbol hesabı” müəyyənləşdirib.
Vətəndaş
və İnkişaf Partiyası (VİP) yuxarıda ümumi qaydada əks olunan kütləvi qanun
pozuntularının 9 oktyabr 2013-cü ildə baş tutmuş Azərbaycan Respublikası
prezidentinin seçkilərinin azad və ədalətli hesab olunmaması üçün tam obyektiv əsas
yaratdığını bildirir.
Seçki
prosesinin kütləvi qanun pozuntuları şəraitində keçirildiyini, onun yekununun
millətin iradəsini ifadə etmədiyini əsas götürən VİP 9 oktyabr prezident seçkilərinin nəticələrini
legitim saymadığını və tanımadığnı bəyan edir.
Eyni
zamanda, VİP prezident seçkilərinin nəticələrinə dair obyektiv rəy vermiş yerli
və xarici müşahidə missiyalarının (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosu), o cümlədən, ABŞ Dövlət Departamenti ilə Böyük Britaniya rəsmi şəxslərinin
bəyan etdikləri mövqeni tam dəstəkləyir.
Moderator.az