Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri Arif Hacılı, eks-spiker Rəsul Quliyev barədə şok açıqlama
verərək 1992-ci ildə onun həbs olunmasının müzakirə edildiyini bəyan edib:
"1992 ci ilin yayında Rəsul
Quliyevin həbs olunacağı gözlənilirdi. Bu ilk növbədə cinayət qanunvericiliyi,
eyni zamanda siyasi konyunktura baxımından real idi. Rəsul Quliyev o dövrün
termini ilə desək ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi.
Həmin vaxt milli təhlükəsizlik nazirinin 1- ci müavini olan Sülhəddin Əkbər də
Prezident Aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi
sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi”.
Bununla bağlı Moderator.az-a açıqlama verən Açıq Cəmiyyət Partiyasının (ACP) sədri
Sülhəddin Əkbər isə haqqında deyilənləri cəfəngiyat adlandırıb:
“Deyilənlər hamısı cəfəngiyatdır və heç
bir əsası yoxdur. Bildirmək istərdim ki Milli Təhlükəsizlik Nazirliyinin (MTN)
nəzarətinə düşən hər hansı bir adam haqda ilk növbədə əməliyyat yoxlama işi
aparılır. Əməliyyat işçisi qənaətə gəlsə ki, bu işi dərinləşdirmək lazımdır,
onda artıq əməliyyat işi açılır. Əməliyyat işi aparıldıqdan sonra isə cinayət
tərkibli faktlar, dəlillər üzə çıxarsa bu MTN-nin istintaq idarəsinə verilir və
cinayət işi açılır. Cinayət işinin açılması üçün isə prokurorluğa müraciət
olunmalıdır. Bu quruma müraciətdən sonra cinayət işi açılır və daha sonra
məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qəti imkan tədbiri seçilir.
Əgər Rəsul Quliyev haqda o zaman belə bir iş olsaydı bu qovluq indi MTN-in arxivində
olardı. Əgər belə bir iş olsaydı, bu sənəd indi də MTN-nin arxivində olardı və
iqtidar qondarma ittihamlar əvəzinə Rəsul Quliyevə qarşı bu sənədlərdən
istifadə edərdi”
Xəyal Əzizov